Yuxarı
    Bağlamaq

    Bu ilin sonunda Rumıniya ilə Moldovanı birləşdirəcək qaz xətti istismara veriləcək

    “Ungeni-Kişinyov” kəməri layihəsinin ümumi dəyəri təqribən 100 mln avrodur

    Buxarest. 28 yanvar. REPORT.AZ/ Rumıniya ilə Moldovanı birləşdirəcək Ungen-Kişinyov qaz xətti bu ilin sonunda istifadəyə veriləcək.

    “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Moldovanın avrointeqrasiya üzrə baş nazirinin müavini Yuri Lyanke deyib.

    Onun sözlərinə görə, Rumıniya hökuməti bu ilin sonuna qədər Kişinyov-Ungen qaz kəmərinin tikintisinə dair dəqiq bir öhdəlik götürüb.

    "2014-cü ildə istifadəyə verdiyimiz İaşi-Ungen boru kəmərinin paytaxta qədər uzadılması üçün əlimizdən gələn hər şeyi edəcəyik”, - deyə o əlavə edib.

    Rumıniyanın Moldovadakı səfiri Daniel İonita isə ölkə kanallarından birinə müsahibəsində bəyan edib ki, Rumıniyanın “Trasnqaz” şirkəti tenderdə “Ungen-Kişinyov” qaz xəttinin tikintisini həyata keçirmək məqsədilə yaradılan “Vestmoldtransqaz” şirkətinin aksiyalarını əldə edəcəyi təqdirdə, kəmərin tikintisi tez bir zamanda reallaşdırılacaq.

    “Qaz kəməri Moldovanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, iki ölkənin qaz-nəqliyyat sistemini birləşdirəcək. Bu da, Moldovaya gələcəkdə “Qazprom”la imzalanacaq yeni müqavilənin danışıqları zamanı əlavə üstünlük verəcək”, - deyə səfir əlavə edib.

    Uzunluğu 120 km olan “Ungen-Kişinyov” qaz xətti layihəsinin ümumi dəyəri təqribən 100 mln avrodur. 2015-2016-cı illərdə "İaşi-Ungheni" qaz kəməri vasitəsiylə Rumıniyadan Moldovaya 1 mln. kubmetr qaz nəql olunub. Paytaxt Kişinyova qədər uzanan yeni kəmər tikildikdən sonra onun illik ötürücü gücü 1,5-2 milyard kubmetr qaz olacaq. Sözügedən layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa Komissiyası və AvroİnvestBank maliyyələşdirəcək. Artıq AYİB Moldovaya 41 milyon, Avropa Komissiyası isə 10 milyon avro vəsaitin ayrılması barədə qərar qəbul edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi