Bu ilin 9 ayında AÇG-dən 22 mln. ton neft hasil edilib

Bu ilin 9 ayında AÇG-dən 22 mln. ton neft hasil edilib Hasilatın həcmi gündə orta hesabla 585 min barel olub
Energetika
20 Noyabr , 2017 12:50
Bu ilin 9 ayında AÇG-dən 22 mln. ton neft hasil edilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilatın həcmi gündə orta hesabla 585 min barel və ya ümumilikdə təqribən 160 mln. barel, yəni 22 mln. ton təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 8,3% azdır.

“Report” xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin yaydığı məlumatda qeyd olunub.

Hesabat dövründə gündə orta hesabla “Çıraq” platformasından 52 min barel, “Mərkəzi Azəri” platformasından 133 min barel, “Qərbi Azəri” platformasından 120 min barel, “Şərqi Azəri” platformasından 80 min barel, “Dərinsulu Günəşli” platformasından 119 min barel və “Qərbi Çıraq” platformasından 81 min barel neft hasil edilib.

“III rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 114 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub”, - deyə məlumatda qeyd edilib.

İlk üç rüb ərzində AÇG-də 15 neft hasilat quyusu, 4 suvurma quyusu qazılıb.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

Bu il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Son xəbərlər

Orphus sistemi