Yuxarı

​Bu il SOCAR-ın Daxili Təqaüd Proqramına müraciət edənlərin sayı rekord həddə çatıb

Müsahibələrdə 256 nəfər gənc iştirak hüququ qazanıb

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün SOCAR-ın baş ofisində şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun sədrliyi ilə Daxili Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclası keçirilib.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq şirkət tərəfindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramı həyata keçirilir.

2014-2015-ci tədris ili üzrə Daxili Təqaüd Proqramına sənəd qəbulu 2-23 fevral 2015-ci il tarixlərində keçirilib. Bu müddətdə Azərbaycanın 25 ali təhsil müəssisəsindən müsabiqəyə 2628 nəfər müraciət edib. Bildirilib ki, bu il proqrama müraciət edənlərin sayı indiyə qədər ən yüksək nəticə hesab olunur. Proqramın şərtlərinə cavab verən 2 181 tələbə müsabiqənin 1-ci turuna - TQDK tərəfindən keçirilən məntiqi təfəkkürün yoxlanılması üzrə test imtahanına vəsiqə qazanıb. Aprelin 19-da test imtahanı keçirilib və 1 726 nəfər imtahanda iştirak edib. İclasda ixtisas qrupları üzrə keçid balları müəyyənləşdirilib və Daxili Təqaüd Proqramının II mərhələsində - müsahibələrdə 256 nəfər iştirak hüququ qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi