Bakı. 10 avqust. REPORT.AZ/ Bu ilin birinci yarısında Səngəçal terminalı vasitəsilə təqribən 154 mln. barel neft və kondensat ixrac olunub. Bunun təqribən 135 mln. bareli Bakı-Tbilisi-Ceyhan (BTC), 16,3 mln. bareldən artıq hissəsi Qərb İxrac Boru Kəməri marşrutu (Bakı-Supsa), təqribən 2,2 mln. bareli dəmir yolu vasitəsilə və 0,9 mln. barel kondensat ixrac edilib. "Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın yaydığı hesabatda deyilir.
Məlumata görə, birinci yarım ildə terminaldan həmçinin gündəlik orta hesabla 28,8 mln. standart kubmetr (1,07 mlrd. standart kubfut) "Şahdəniz" qazı ixrac olunub.
Qeyd edək ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və "Şahdəniz" qazı üçün təqribən 29,5 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə "Azəri-Çıraq-Günəşli" blokundakı səmt qazı da daxil olmaqla, gündəlik təqribən 49,3 mln. kubmetr təşkil edir.