Bakı. 22 avqust. REPORT.AZ/ Bu ilin birinci yarısında Səngəçal terminalından 148 mln. bareldən çox neft və kondensat ixrac edilib.
"Report" bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatına əsasən xəbər verir.
Bu həcmin 132 mln. bareldən çoxu Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə, təqribən 15,5 mln. bareli Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və təqribən 0,5 mln. bareli kondensat ixrac kəməri vasitəsilə ixrac olunub.
Terminalın neft və kondensat ixracı ötən ilin müvafiq dövründən 3,9% az olub.
İki rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 29,3 mln. kubmetr (1,7% çox) "Şahdəniz" qazı ixrac edilib.
Qeyd edək ki, neft və qaz AÇG və "Şahdəniz" yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və "Şahdəniz" qazı üçün təqribən 29,5 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz" İB-nin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.