Bu il “Kürovdağ” neft yatağında hasilatın artacağı proqnozlaşdırılır

Bu il “Kürovdağ” neft yatağında hasilatın artacağı proqnozlaşdırılır 2021-ci ildə “Kürovdağ” yatağından 1,012 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.
Energetika
6 Yanvar , 2021 14:05
Bu il “Kürovdağ” neft yatağında hasilatın artacağı proqnozlaşdırılır

2021-ci ildə “Kürovdağ” yatağından 1,012 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2020-ci ildə yataqdan 0,994 milyon barel neft hasil olunması proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 1,81 % azdır.

2019-cu ildə isə bu göstərici 1,07 milyon barel təşkil edib ki, bu da bu ilin proqnoz göstəricisindən 5,42 % çoxdur.

Qeyd edək ki, "Kürovdağ" yatağı Bakı şəhərindən 120 km cənub-qərbdə yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq 1 sentyabr 1997-ci ildən müştərək müəssisə ("Shirvanoil"), 5 oktyabr 2009-cu ildən isə əməliyyat şirkəti ("Shirvan Operating Company Limited") tərəfindən istismar edilir.

Xatırladaq ki, 2004-cü ilin sonlarında imzalanan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Böyük Britaniyanın "Caspian Energy Group" şirkəti ikitərəfli razılıq əsasında Azərbaycanın qurudakı "Kürovdağ" neft yatağına daxil olan blokun bərpası, istehsalı və bölünməsi üçün PSA tipli müqavilə 2008-çi ilin martında ləğv edilib. Azərbaycan Parlamenti sənədi qəbul etsə də, "Caspian Energy Group" müqavilə öncəsi bəzi öhdəlikləri yerinə yetirmədi, bundan başqa PSA tipli müqavilənin bəzi şərtləri şirkəti qane etmirdi.

Tərəflər PSA müqaviləsini ləğv etmək və əvvəllər də yataqda fəaliyyət göstərən "Shirvanoil" birgə müəssisəsinin şərtləri daxilində paritet əsaslarla işləri davam etdirmək razılığına gəldilər.

Saziş sahəsi 115 km2 təşkil edir. İstismar başlayandan 1 aprel 2011-ci ilə kimi yataqda 1 153 quyu qazılıb.

Yatağın mərkəzi hissəsi çoxlu palçıq vulkanları ilə mürəkkəbləşib ki, bu vulkanlar vasitəsilə yer səthinə qaz və neft təzahürü qeyd olunur. "Kürovdağ" neft yatağını aşkar edən ilk mərkəzi sahənin 2 saylı kəşfiyyat quyusu 18 iyun 1955-ci ildə Məhsuldar Qatın I horizontundan 31 ton neftlə istismara daxil edilib. Bundan sonra mərkəzi hissədə intensiv surətdə istismar quyularının qazılmasına başlanıb.

Sonradan yatağın şimal-qərb və cənub-şərq hissələrinin neftliliyi aşkar edilib.

Son xəbərlər

Orphus sistemi