Yuxarı

Bu il Ceyhandan 18,9 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Avqust ayında isə 2,2 mln. ton Azərbaycan nefti bu limandan ixrac olunub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayı ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 2 205 834 ton Azərbaycan nefti dünya bazarına çıxarılıb. "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu həcm ötən ilin avqust ayına nisbətən 0,41% azdır.

Bu ilin avqust ayında dünya bazarına çıxarılan həcmin 880 458 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-avqust aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 18 898 796 ton təşkil edib. Bu isə ötən ilin analoji dövründən 0,71% azdır.

Ümumiyyətlə, BTC kəməri istismara veriləndən (2006-cı il) 2015-ci il sentyabrın 1-nə qədər Ceyhan limanından 280,835 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. barel neftdir. Kəmər 2006-ci ildən istifadədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi