​Bu il Cənubi Qafqaz Boru Kəmərinə 580 mln. dollar xərclənib

​Bu il Cənubi Qafqaz Boru Kəmərinə 580 mln. dollar xərclənib İlk yarımillikdə CQBK-nin gündəlik orta ötürücülüyü 20,34 mln. kubmetr qaz olub
Energetika
11 Avqust , 2015 11:33
​Bu il Cənubi Qafqaz Boru Kəmərinə 580 mln. dollar xərclənib

Bakı. 11 avqust . REPORT.AZ/ Birinci yarımildə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətə təqribən 22 mln. dollar əməliyyat xərcləri və 559 mln. dollar əsaslı xərclər sərf edilib. "Report" xəbər verir ki, bu barədə layihənin operatoru olan "BP-Azerbaijan" şirkətinin yaydığı hesabatda deyilir.

Məlumata görə, ilk altı ay ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 20,34 mln. kubmetr qaz olub.

Qeyd edək ki, CQBK-nin iki operatoru var. BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nin biznes icrası üzrə məsul kommersiya operatorudur.

Əlavə edək ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi ilə bağlı hesabat verən qurum açıqlayıb ki, Azərbaycanda boru kəməri marşrutunun ilk 200 km boyu torpaq sahələrinin əldə olunması başa çatıb və marşrutun qalan hissəsində torpaq sahələrinin əldə olunması həyata keçirilir.

Məlumata görə, bu ilin ilk yarısında 10 km uzunluğunda boru kəməri artıq qaynaq edilib, daha 7 km məsafədə boru seqmentləri vaxtından əvvəl marşrut boyu yerləşdirilib.

Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının və təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam edir və Gürcüstanda kəmər xəttinin inşasını başlamaq üçün hazırlıq işləri icra olunmaqdadır.

Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin 7 əsas səhmdarı var. Bu, BP (28,8%), AzCQBK (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%), və TPAO (19%) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi