Yuxarı

Bu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 1,3 mlrd. kubmetr qaz nəql olunub

Magistral qaz kəmərləri ilə 4 mlrd. kubmetr qaz nəql edilib

Bakı. 19 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində magistral qaz kəmərləriylə 3 991,2 mln. kubmetr qaz nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləriylə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,1% azalma müşahidə olunub.

Qazın nəqlinin 32,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 1 288,3 mln. kubmetr qaz ötürülüb.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir.

Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Boru kəmərinin ümumi uzunluğu 691 km-dir. Bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstandadır. Kəmərin diametri isə 42 düymdür. Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhədində yerləşir. Türkiyə ərazisində (Ərzurumadək) isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan-Türkiyə sərhədindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi