“Abşeronneft” bu il 40 yeni quyu qazmağı planlaşdırır

“Abşeronneft” bu il 40 yeni quyu qazmağı planlaşdırır NQÇİ-nin kollektivi 2016-cı ildə son illərin illik rekord hasilat göstəricisinə nail olub
Energetika
23 Fevral , 2017 16:09
“Abşeronneft” bu il 40 yeni quyu qazmağı planlaşdırır

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin aparıcı neft-qaz çıxarma idarələrindən biri olan “Abşeronneft” NQÇİ-nin kollektivi 2016-cı ildə son illərin illik rekord hasilat göstəricisinə nail olub.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, NQÇİ-də ötən il ərzində proqnozda nəzərdə tutulan 313,9 tona qarşı 363,671 min ton neft hasil edilib. Bu proqnozun 115,9% yerinə yetirilməsi deməkdir.

NQÇİ-nin kollektivi bu tendensiyanı cari ildə də davam etdirmək niyyətindədir. İdarədə 2017-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirədə çıxış edən “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov “Abşeronneft”in kollektivini əldə etdikləri uğura görə təbrik edib.

İdarənin rəisi Şahmar Hüseynov 2017-ci il ərzində planlaşdırılan işlər haqqında geniş məlumat verib və bildirib ki, hasilatın qorunub saxlanılması və artırılması istiqamətində bütün lazımi tədbirlər görüləcək. NQÇİ-də 2017-ci ildə 40 yeni quyunun təhvil verilməsi planlaşdırılır, hazırda 8 quyu mənimsəmədədir. Cari ildə 12 quyunun yan lülə kəsilişi ilə qazılmasının planlaşdırıldığı, nəticədə 1808 ton əlavə neft alınmasının proqnozlaşdırıldığı bildirilib. Hasilatın artırılması məqsədilə “Abşeronneft”də bu il həmçinin mövcud infrastrukturun təkmilləşdirilməsi, yeni obyektlərin tikintisi istiqamətində genişmiqyaslı tədbirlərin görüləcəyi diqqətə çatdırılıb. Belə ki, 16 quyuluq 730 və 10 quyuluq 760 saylı stasionar dəniz özüllərinin tikintisi, 340, 570, 100, 250 stasionar dəniz özüllərinin və 50 saylı estakadayanı meydançanın əsaslı təmir edilməsi nəzərdə tutulur.

Müzakirələrdə 562-401 saylı meydançalar arası estakadadan imtina olunaraq texnoloji xətlərin suyun altından keçirilməsi qərarlaşdırılıb, 11 saylı baza meydança ilə 4 saylı özülün arasındakı estakadanın əsaslı təmir olunması, yeni xilasedici qayıqların, hasilatın artırılması üçün xüsusi dərinlik nasoslarının alınması üçün müvafiq göstərişlər verilib. “Gürgan” və “Qərbi Abşeron” yataqlarının ehtiyat qalıqlarının yenidən qiymətləndirilməsinin həyata keçirilməsi razılaşdırılıb.

İdarənin aparıcı mütəxəssislərinin fikirlərini dinləyən D.İskəndərov mövcud problemlərin aradan qaldırılması ilə bağlı göstərişlər verib. Müşavirə iştirakçıları “Abşeronneft” tərəfindən Pirallahı adasında həyata keçirilmiş ekoloji tədbirlər, eləcə də tikintisi başa çatmaqda olan yeni neft yığım parkında görülən işlərlə yaxından tanış olublar.  

Son xəbərlər

Orphus sistemi