Bu il ABŞ-da 50 neft şirkəti bağlana bilər

Bu il ABŞ-da 50 neft şirkəti bağlana bilər ​Banklar neft şirkətlərinə kredit verməkdən imtina edir
Energetika
12 Aprel , 2016 15:27
Bu il ABŞ-da 50 neft şirkəti bağlana bilər

Bakı. 12 aprel. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin aşağı düşməsi səbəbindən ABŞ-da banklar şist neft hasilatçısı olan şirkətlərə kredit verməkdən imtina etməyə başlayıblar. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, neft bazarında mövcud konyunktur yaxşılaşmasa, ilin sonuna qədər Amerikanın 50-yə yaxın energetika müəssisəsi iflas edə bilər. Agentliyin topladığı məlumatlara görə, may ayının sonuna qədər ABŞ-ın neft-qaz şirkətləri 50 mlrd. dollara yaxın məbləğdə kreditin ayrılmasını razılaşdırmalıdırlar. Son həftələr ərzində açılması planlaşdırılan kredit xətlərinin ümumi həcmi 3,5 mlrd. dollar azalıb. "Reuters" mövcud şəraitdə neft-qaz sektorunun kreditlərinin daha 10 mlrd. dollar azala biləcəyini qeyd edir.

Enerji daşıyıcılarının qiymətinin cari səviyyəsi mərkəzi banklara kommersiya banklarından riskləri daha diqqətlə təhlil etməyi istəməsini məcbur edir. Agentlik bildirib ki, növbəti kredit anlaşmalarının yenidən monitorinq edilməsi payız aylarına təsadüf edəcək və neftin qiyməti 40 dollar/bareli keçməsə, şist neft hasilatçılarının maliyyə resurslarına çıxışı məhdudlaşa bilər. 

Qeyd edək ki, ABŞ-da maliyyə təşkilatları şist neft hasilatçıları ilə kredit razılaşmalarına ildə iki dəfə yenidən baxır və neft hasilatçılarının cari qiymətlərlə təsdiq olunmuş ehtiyatlarını təhlil edir. Nəticədə təsdiq olunmuş ehtiyatların dəyərinə görə kredit xəttinin həcmi müəyyən edilir. Məhz son 8 ildə şist neft hasilatçıları yüksək neft qiymələri və malik olduqları ehtiyatların həcminə görə banklardan 230 mlrd. dollar həcmində vəsait cəlb edə biliblər. Neft şirkətləri maliyyə vəsaitləri hesabına hasilatı son 40 ilin maksimal səviyyəsinə çatdırıblar.

"South Texas Money Management" investisiya fondunun aktivlərini idarə edən Kristian Ledu bildirib ki, lazımi qədər ehtiyatı və yüksək gəliri olmayan istənilən şirkət kredit vəsaiti cəlb etmək problemi ilə üzləşəcək.

"Reuters"ə görə, neft bazarında mövcud vəziyyət davam edərsə, ABŞ-ın şist neft şirkətləri hasilatı azaltmağa məcbur olacaq. Bu kifayət etməsə, aktivlərini satışa çıxaracaq, işçiləri ixtisar edəcək, xərclərini minimuma endirəcək. Bəzi şirkətlər isə ümumiyyətlə bağlanacaq. "JP Morgan Chase&Co."nun baş kredit analitiki Tarix Həmidin fikrincə, neftin qiyməti 35 dollar/barel səviyyəsində qalarsa, 2016-cı ilin sonuna qədər yüksək borca malik olan 150 şirkətdən 36%-ə yaxını iflas edəcək.

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən etibarən Şimali Amerikanın artıq 50 şist neft şirkəti iflas edib. Belə ki, şist neft hasilatçıları gündəlik hasilat həcmini müəyyən edilmiş səviyyədə saxlamaq üçün kredit resurslarına ehtiyac duyurlar. Banklar da maksimum dərəcədə neft şirkətlərinin iflas etməməsi üçün müsbət həll yolları axtarırlar.

Son xəbərlər

Orphus sistemi