Böyük Britaniya-Azərbaycan Neft-Qaz Tərəfdaşlığına Dəstək Proqramı fəaliyyətə başlayıb

Böyük Britaniya-Azərbaycan Neft-Qaz Tərəfdaşlığına Dəstək Proqramı fəaliyyətə başlayıb Proqram təchizatçı və istehsalçı şirkətlərin qarşılıqlı mənfəət və davamlı inkişafa əsaslanan tərəfdaşlıq qurmasına yardım edəcək
Energetika
29 Oktyabr , 2015 18:00
Böyük Britaniya-Azərbaycan Neft-Qaz Tərəfdaşlığına Dəstək Proqramı fəaliyyətə başlayıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamenti (UKTİ), Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti Britaniya və Azərbaycan səfirliklərinin fəal dəstəyi ilə əməkdaşlığa imza ataraq yeni proqramı işə salıb.

"Report" xəbər verir ki, bu proqram Böyük Britaniya və Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərən təchizatçı və istehsalçı şirkətlərinin qarşılıqlı mənfəətə və davamlı inkişafa söykənən tərəfdaşlıq qurmasına yardım edəcək.

Proqramın 3 il davam edəcək birinci fazası çərçivəsində Böyük Britaniyadan olan 26 şirkətin nümayəndəsi 30-dan artıq Azərbaycan şirkətinə təqdim edilib.

Bu proqramda ilkin olaraq əsas diqqət Azərbaycanın neft və qaz hasilatında səmərəliliyin artırılması və xərclərin azaldılması məqsədilə komponentlərin, ehtiyat hissələrinin, avadanlıq aqreqatlarının yerli istehsal gücünün artırılmasına, yerli işçi heyətinə təlimlərin keçirilməsinə və ixtisaslaşmış xidmətlərin göstərilməsinə yönəldiləcək. Böyük Britaniya və Azərbaycan şirkətləri arasında əməkdaşlığın yaranması həmin şirkətlərə imkan verəcək ki, regionda öz fəaliyyətlərini daha da möhkəmləndirsinlər və gələcək neft-qaz layihələrində daha rəqabətədavamlı olsunlar.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR Azərbaycanın neft-qaz sektorunda yerli resurslardan istifadənin inkişafına böyük diqqət yetirir və BP ilə əməkdaşlıq edilməklə son illərdə bir sıra uğurlu nəticələr əldə olunub: "Misal kimi qeyd etmək olar ki, "Şahdəniz-2" layihələrində istehsal və tikinti işlərinin əksər hissəsi üçün müqavilələr yerli və beynəlxalq şirkətlərdən ibarət birgə müəssisələrlə imzalanıb. Buna görə də yerli və beynəlxalq şirkətlər üçün böyük potensial mövcuddur və biz inanırıq ki, bu əməkdaşlıq yaxın gələcəkdə çoxsaylı nailiyyətlərə gətirib çıxaracaq".

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell də çıxış edərək qeyd edib ki, BP şirkəti bu tədbirdə iştirak etməkdən və bütün təşəbbüsün bir hissəsi olmaqdan məmnunluq duyur: "Biz inanırıq ki, bu təşəbbüs Böyük Britaniya və Azərbaycan şirkətlərinin bir araya gətirilməsinə yönəlmiş bütün səylərə qoşulmaq üçün yaxşı bir imkan yaradır”.

Britaniyanın Bakıdakı səfiri İrfan Siddiq bildirib ki, Böyük Britaniya bu tərəfdaşlıq proqramını Azərbaycandakı ümumi kommersiya fəaliyyətlərinin ayrılmaz bir hissəsinə çevirmək əzmindədir: "Biz Azərbaycanı geniş Xəzər regionunda əsas mərkəz kimi görürük".

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı  səfiri Tahir Tağızadə öz çıxışında Londondakı Azərbaycan səfirliyinin tərəfdaşlıqların inkişafına davamlı dəstək göstərdiyini qeyd edib.

SOCAR-ın Londondakı nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev bildirib ki, həm neft-qaz sektorunda, həm də daha geniş kontekstdə yerli resurslardan istifadənin artırılması Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir: "Buna görə də bu təşəbbüsdə Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamenti ilə əməkdaşlıq etməkdən məmnunluq duyuruq”.

Proqram yüksək səviyyəli hökumətlərarası dialoqla dəstəklənəcək və çox sayda davamlı fəaliyyətləri özündə əhatə edəcək. Proqrama dair daha ətraflı məlumat müvafiq qaydada elan olunacaq.

Son xəbərlər

Orphus sistemi