Bu ayın sonunda Azərbaycan istehsalı olan karbamidin satışı üçün II tender elan olunacaq - VİDEO

Bu ayın sonunda Azərbaycan istehsalı olan karbamidin satışı üçün II tender elan olunacaq - VİDEO Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid Zavodunda istehsal olunan karbamidin satışı üçün bu ayın sonunda II tenderin elan olunması gözlənilir.
Energetika
13 iyun 2019 13:11
Bu ayın sonunda Azərbaycan istehsalı olan karbamidin satışı üçün II tender elan olunacaq - VİDEO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid Zavodunda istehsal olunan karbamidin satışı üçün bu ayın sonunda II tenderin elan olunması gözlənilir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.

O qeyd edib ki, indiyədək zavodda 60 min ton karbamid istehsal edilib, istehsal olunan məhsulun 30 min tonu tenderdə satılıb: "Karbamidin satışı ilə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi məşğuldur. İlk karbamidin alıcısı "Integral Petroleum" şirkəti olub. Karbamid qablaşdırılmadan dənəvar formada iri yük maşınlarına yüklənilir və Hövsan limanına aparılır. Burada 3 min ton yükgötürmə qabiliyyətinə malik gəmilərə yüklənilərək və Volqa-Don kanalı ilə Qara dənizə, Türkiyəyə aparılır. Mayın 25-dən ixrac başlayanadan indiyədək 4 gəmi Türkiyəyə yola düşüb. Bu gün 5-ci gəminin yola düşməsi gözlənilir. Bu ilin sonuna birbaşa zavoddan Bakı-Tbilisi-Qars dəmiryolu ilə Türkiyəyə ixrac nəzərdə tutulur".

Onun sözlərinə görə, bundan başqa, yerli bazarda 1200 ton karbamid satılıb. "Yerli bazarda satış 40 kq-lıq kisələrdə həyata keçirilib. Yerli bazarda karbamidi "Azfert" şirkəti alıb. Amma ən böyük həcmlərin "Aqrolizinq" tərəfindən alışı nəzərdə tutulur. "Aqrolizinq"ə bu ayın sonunda, gələn ayın əvvəlində satışın həyata keçirilməsi gözlənilir". 

X.Cəfərov qablaşdırılmış karbamidin iritonnajlı maşınlarla Ukraynaya ixrac edildiyini də bildirib. Bundan başqa, o məlumat verib ki, iki aydan sonra karbamidin sənaye üsulu ilə 1 tonluq kisələrdə də nəqli nəzərdə tutulur. 

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında inşa edilən SOCAR-ın Karbamid Zavodu bu il yanvarın 16-da istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin, təqribən, 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 mln. dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək.

Karbamid Zavodu hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir, onun ümumi dəyəri, təqribən, 800 mln. avro təşkil edir. Bu il mayın 25-də Karbamid Zavodundan kütləvi olaraq Azərbaycan karbamidinin ilk tədarükü başlayıb. Karbamid Zavodunda maşınlara yüklənir və gəmilərə yüklənmək üçün Hövsan beynəlxalq limanına göndərilir. İyunun 5-də ilk Azərbaycan karbamidini daşıyan "Phobus" (00:50) və "Coral" gəmiləri limandan yola çıxıb.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi "Caspian EPC Company" şirkəti ilə birgə nəql ideyasının müəllifləridirlər, həmçinin əvvəldən axıradək logistika zənciri prosesini tənzimləyir və nəzarət edir.

Treydinq və logistika şirkəti olan "Integral Petroleum" 2008-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb. Hazırda o, Qafqaz-Xəzər regionu, Mərkəzi Asiya və Mərkəzi Amerika ölkələri bazarlarında fəal iş görür.

Həmçinin nəql layihəsində Hövsan beynəlxalq limanının operatoru olan "Global Transport Partners Company" şirkəti, SOCAR və "Integral Petroleum" arasında sürveyer şirkəti olan "SGS" şirkəti, karbamidin fasiləsiz nəqli və yüklənməsi üçün yük maşınları verən "166 Yükdaşıma və Logistika" şirkəti iştirak edib.

Son xəbərlər

Orphus sistemi