BTC kəmərinə I rübdə 34 mln. dollar sərf olunub

BTC kəmərinə I rübdə 34 mln. dollar sərf olunub Əməliyyat xərclərinə təqribən 29 mln. dollar, əsaslı xərclərə isə 5 mln. dollar sərf olunub
Energetika
10 May , 2017 14:39
BTC kəmərinə I rübdə 34 mln. dollar sərf olunub

Bakı. 10 may. REPORT.AZ/ Bu ilin I rübü ərzində “BTC Co.” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsi üzrə 34 mln. ABŞ dolları xərcləyib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, əməliyyat xərclərinə təqribən 29 mln. dollar, əsaslı xərclərə isə 5 mln. dollar sərf olunub.

BTC üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə eyni olub, əsaslı xərclərin həcmi isə 54% azalıb.

BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci il mart ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 357 mln. ton (təxminən 2,67 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3 502 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Birinci rüb ərzində BTC vasitəsilə təqribən 8,3 mln. ton (61,7 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 77 tankerə yüklənib. Hesabat dövründə BTC ilə ixracın həcmi ötən ilin müvafiq dövründən 7,8% az olub.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi