Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 6,679 mln. ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 81,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Magistral neft kəmərləri ilə nəqletmədə 2,89% azalma qeydə alınıb.
Cari ilin yanvar-fevral ayları ərzində BTC vasitəsilə 5 458,1 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 0,69% çox olub.
Dövr ərzində BTC kəməri ilə 1 010,8 min ton tranzit nefti də nəql edilib ki, bu həcm də ötən ilin müvafiq dövründən 1,2% çoxdur.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.