"Brent" və WTI markalı neftin qiymətləri arasında spred daralır

"Brent" və WTI markalı neftin qiymətləri arasında spred daralır WTI markalı neftin bahalaşması ABŞ-da hasilatın artmasına gətirib çıxarır
Energetika
2 Fevral , 2018 11:27
Brent və WTI markalı neftin qiymətləri arasında spred daralır

Bakı. 2 fevral. REPORT.AZ/ Dünya bazarında "Brent" və WTI markalı neftin qiymətləri arasında fərq azalaraq 3,8 dollara düşüb.

"Report" xəbər verir ki, dekabr ayında qiymət spredi 7 dollar olub.

Qeyd edək ki, uzun illər bu neft markaları arasında cüzi qiymət fərqi olub. Lakin 2011-ci ildən sonra spred artmağa başlayıb. Buna səbəb, ABŞ-da az kükürdlü neft hasilatının artması və neft ixracına qadağa qoyulması amilləri olub.

2016-cı ildə ABŞ Konqresi neft ixracına qadağanı aradan qaldırsa da, WTI yenə də "Brent"dən aşağı satılmağa davam edib. Belə ki, ABŞ neftinin ixracında infrastruktur problemləri hasilatçıları qiymət endirimi etməyə məcbur edib. Həmçinin, Meksika körfəzində baş verən qasırğalar və "Forties" kəmərindəki qəza WTI-ın qiymətini aşağı salıb.

Lakin 2018-ci ilin yanvarında "Forties"də problemlər və qasırğanın fəsadları aradan qaldırılıb. Nəticədə qiymətlər arasındakı spred dekabrla müqayisədə 45% azalıb. Analitiklərin fikrincə, əgər neft bazarında vəziyyət belə davam edərsə, qiymətlər bərabərləşə bilər. Fərqin azalması isə öz növbəsində ABŞ-da neft sektoruna investisiyaların artmasına və hasilatın yüksəlməsinə gətirib çıxarır.