Yuxarı

BP yeni proqnozlarını Azərbaycana təqdim edib

BP Qrupunun baş iqtisadçısı neftin qiymətində növbəti 3-5 ildə artım proqnozlaşdırıldığını deyib

Bakı. 12 may. REPORT.AZ/ BP Qrupunun baş iqtisadçısı Spenser Deyl BP-nin “Enerji perspektivlərinə baxış” hesabatının 2016-cı il buraxılışını təqdim etmək məqsədilə Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşüb. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ”Enerji perspektivlərinə baxış” hesabatı uzunmüddətli enerji tendensiyalarına nəzər salaraq, dünyadakı enerji bazarları üçün növbəti 20 ili əhatə edən proqnozlar verir.

Görüşdə enerji sektorundakı gələcək ehtiyaclar, tendensiyalar və qlobal enerji bazarı ilə bağlı son vəziyyət müzakirə edilib. Bildirilib ki, getdikcə xam neftə tələbatın artması və Amerikada şist neft hasilatında azalma ilə əlaqədar neft bazarında artıq tarazlığın yarandığı müşahidə edilir. Neft bazarının tənzimlənməsi ilin sonuna kimi başa çatacaq. Doha görüşünün nəticəsiz başa çatmasına rəğmən vəziyyətin qismən sabitləşməsinə təsir etdiyini vurğulayan BP Qrupunun baş iqtisadçısı neftin qiymətində növbəti 3-5 il ərzində artım proqnozlaşdırıldığını deyib.

Ekspert hesab edir ki, 2014-cü illə müqayisədə neft sahəsinə yatırılan investisiyalarda 35% azalma gələcəkdə bazara çıxarılacaq neftin həcminə də təsir göstərəcək. Bu isə neftin qiymətinin artmasını təmin edəcək. 10-20 illik müddətdə xam neftə tələbatın, eləcə də neftin qiymətinin yüksələcəyi gözlənilir.

Enerji bazarında əhəmiyyətli mövqeyə malik Səudiyyə Ərəbistanında iqtisadiyyatın transformasiyası proseslərinin də neftin qiymətinə mümkün təsirləri xüsusi qeyd edilib.

Energetika naziri N.Əliyev neft hasilatını artırmaq iqtidarında olan ölkələrin Səudiyə Ərəbistanı, İran və Liviya ilə məhdudlaşdığını deyərək bildirib ki, aşağı qiymətlərlə istehsal bu ölkələr üçün də müəyyən müddətdən sonra arzulanan olmayacaq: "Çox güman ki, neftin qiyməti təxminən 50 dollar/barel səviyyəsində qərarlaşacaq. Qiymətin əvvəlki kimi 100 dollara çatmasını yaxın gələcəkdə gözləmək mümkün deyil".

BP-nin proqnozlarına görə, qaz bazarında vəziyyət 20 il ərzində tələbatın və qiymətin artması ilə müşayiət olunacaq. Dünyanın bir çox ölkələrinin daş kömürü qazla əvəzləməyə çalışması və Avropada qaz hasilatının azalması onun qaz idxalından asılılığının 75%-ə çatacağını şərtləndirir. Bundan başqa, maye qaz ehtiyatının artması və bunun üçün də ən böyük bazarın Avropa olması, eləcə də ABŞ-ın maye qaz bazarında əsas həlledici oyunçulardan birinə çevrilməsinin yaradacağı perspektivlər də müzakirə edilib.

N.Əliyev bildirib ki, Avropada təbii qaz istehlakının 500 mlrd. kubmetrə qədər artacağı və bu göstəriciyə 2030-cu ildə daha 300 mlrd. kubmetrin əlavə ediləcəyi ilə bağlı gözləntilərin əksinə olaraq hazırda istehlak zəifləyib. Qaza olan tələbatın daş kömür, alternativ enerji və nüvə enerjisi ilə təmin olunması tendensiyası gələcəkdə qazın qiymətinə təsir göstərəcək amillərdəndir.

Nazir inkişaf etmiş ölkələrin maşınqayırma sənayesində tədricən elektrik enerjisindən istifadəyə üstünlük verilməsinin də yaxın gələcəkdə enerji balansında dəyişikliklərə səbəb olacağını istisna etməyib. Qlobal enerji bazarının digər aspektləri ilə bağlı da səmərəli fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi