​BP-yə Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni vitse-prezident təyin olunub

​BP-yə Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni vitse-prezident təyin olunub Zaur Paşayev vəzifəsinin icrasına sentyabrın 1-dən başlayacaq
Energetika
8 İyun , 2016 15:02
​BP-yə Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni vitse-prezident təyin olunub

Bakı. 8 iyun. REPORT.AZ/ BP şirkətinin Səngəçal Terminalının meneceri Zaur Paşayev şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstream) əməliyyatlar üzrə vitse-prezidenti təyin olunub.

"BP-Azerbaijan" şirkətindən "Report"a verilən məlumata görə, o, yeni vəzifəsinin icrasına sentyabrın 1-dən başlayacaq.

Z.Paşayev BP-nin Qlobal Əməliyyatlar Təşkilatının (upstream üzrə), həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı (midstream) əməliyyatların təhlükəsiz, etibarlı və səmərəli icrasına cavabdeh olacaq: "Zaur Paşayev bu vəzifədə BP-nin digər regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur".

"BP-də çalışdığı 18 il ərzində Z.Paşayev dənizdə və qurudakı əməliyyatlar sahəsində dərin təcrübə qazanıb. Səngəçal Terminalının meneceri vəzifəsindən əvvəl o, dənizdə "Şahdəniz" və "Çıraq" platformalarının meneceri, ondan əvvəl isə ixrac boru kəmərləri üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib", - deyə məlumatda qeyd olunub.

Z.Paşayev Azərbaycan Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirib və mexanika mühəndisliyi sahəsində bakalavr dərəcəsi alıb. 2011-ci ildə o, ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunda BP-nin Əməliyyatlar Akademiyasını bitirib. 2001-ci ildə Azərbaycanda neft və qaz sənayesinin inkişafına töhfəsinə görə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən "Tərəqqi” medalına layiq görülüb. Evlidir, üç övladı var.

Son xəbərlər

Orphus sistemi