Yuxarı
    Bağlamaq

    BP və tərəfdaşlarının maliyyələşdirdiyi texniklərin təlimi üzrə II buraxılışı keçirilib

    Sosial sərmayə layihələri çərçivəsində BP və tərəfdaşları indiyədək 71 mln. dollar sərmayə yatırıb

    Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün BP şirkəti və onun Azərbaycandakı layihələrdəki tərəfdaşlarının maliyyələşdirdiyi texniklərin təliminin ikinci məzun buraxılışı keçirilib. 

    "Report" xəbər verir ki, bu gün keçirilən tədbirdə 47 məzuna sertifikatlar təqdim edilib. Bu layihə BP və tərəfdaşlarının Azərbaycanda neft-qaz əməliyyatlarına cəlb edilmiş yerli işçi qüvvəsinin təlimi və inkişafında SOCAR ilə əməkdaşlıq etmək öhdəliyi çərçivəsində həyata keçirilir. Bu öhdəliyin bir hissəsi kimi, BP və tərəfdaşları ötən iki il ərzində yerli icmaların nümayəndələrindən ibarət böyük bir qrupa peşə və texniki təlim üzrə dəstək verib. Bunlara əsasən Səngəçal terminalı yaxınlığında yaşayan Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrindəki icmalar daxildir. 

    Tədbirdə BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, təlimlər SOCAR-ın Qobustan Regional Texniki Təlim Mərkəzində keçirilib. Onun sözlərinə görə, bu vaxtadək BP və tərəfdaşları 2015-ci ildə 79 nəfər və 2016-cı ildə 47 nəfər olmaqla ümumilikdə Mərkəzdə 126 nəfər texnikin təlimini maliyyələşdirib. Bu dəstək əsasən təlimdə iştirak edən tələbələrin 10 aylıq təhsil haqlarını əhatə edib. “Bugünkü tədbir bizim yüksək ixtisaslı yerli işçi qüvvəsinin inkişafına sərmayə qoymaq öhdəliyimizi bir daha nümayiş etdirir. Biz uzun illərdir ki, neft və qaz sektoru sahələrində ixtisaslaşan yerli texniklərin inkişafına dəstək veririk və bu yönümdə SOCAR-la əməkdaşlıq edirik. Azərbaycanda fəaliyyət göstərdiyi 25 ildən artıq müddət ərzində BP şirkəti hökumətlə və öz tərəfdaşları ilə sıx işləyərək bu ölkədə dünya səviyyəli yerli bacarıqların, o cümlədən sənaye və insan potensialının inkişafı ilə bağlı səylərə dəstək verib. Buraya Azərbaycan vətəndaşları üçün təlim və inkişaf imkanlarının yaradılmasında əməkdaşlıq da daxildir. Bu məqsədlə bir neçə il əvvəl Qobustan Regional Təlim Mərkəzində yerli texniklərə təlimlər keçirilməsi üçün SOCAR-la Anlaşma Memorandumu imzaladıq. Hesab edirik ki, bu əməkdaşlıq çox uğurlu olub və yerli icmalardan təxminən 130-a yaxın nümayəndə artıq təlimdə iştirak edərək yüksək ixtisaslı texnik kimi sertifikatlar alıb", - B.Aslanbəyli əlavə edib. 

    O həmçinin bildirib ki, sosial sərmayə layihələri çərçivəsində BP və tərəfdaşları indiyədək 71 mln. dollar sərmayə yatırıb. SOCAR-ın kadr,rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov şirkətin kadr sahəsində gördüyü işlərdən, daxili və xarici təqaüd proqramından, peşə təhsili üzrə işlərdən danışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi