Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün BP şirkəti və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Layihələri İdarəetmə Məktəbinin beşinci məzun buraxılışını qeyd edib.
"Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində keçirilmiş tədbirdə 52 nəfər məzuna beynəlxalq miqyasda tanınan Corc Vaşinqton Universitetinin layihələri idarəetmə ixtisası üzrə magistr sertifikatı təqdim olunub.
Mərasimdə çıxış edən "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Layihələri İdarəretmə Məktəbinə fəaliyyətə başladığı 2011-ci ildən indiyə qədər 2 mln. dollardan artıq vəsait xərclənib.
Onun sözlərinə görə, ümumilikdə bu layihəyə 377 nəfər qatılıb: "İndiyə qədər 357 nəfər dinləyici sertifikatı alıb. 334 nəfər magistr sertifikatı əldə edib. İştirakçılar 141 təşkilatı təmsil edib. Layihələri İdarəetmə Məktəbi mərhələlərlə həyata keçirilib. Layihə başlandığında qarşıya qoyulmuş məqsədlərdən biri də təlim proqramının icrasını yerli təlimçilərə təhvil vermək olub. Layihələri İdarəetmə Məktəbi dördüncü fazada bu məqsədə nail olub və təlim proqramının keçirilməsi tamamilə yerli heyətə ötürülüb. Hazırda Layihələri İdarəetmə Məktəbinin bütün təlim heyəti yerli mütəxəssislərdən ibarətdir".
O bildirib ki, 2017-ci ildə başlamış dördüncü faza Bakı Ali Neft Məktəbi ilə tərəfdaşlıq edən “Twenty Eighty Strategy Execution” şirkəti tərəfindən yerinə yetirilib: "Hazırda Layihələri İdarəetmə Məktəbi özünümaliyyələşdirmə mərhələsinə keçib və layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “Twenty Eighty Strategy Execution” ilə əməkdaşlıq şəraitində Bakı Ali Neft Məktəbi tərəfindən idarə olunur".
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə bildirib ki, Bakı Ali Neft Məktəbindən Layihələri İdarəetmə Məktəbində 24 nəfər təhsil alıb: “Bu gün isə 2 nəfər əməkdaş sertifikat alacaq".
Qeyd edək ki, Layihələri İdarəetmə Məktəbi layihələrin idarə olunması üzrə beynəxalq səviyyədə qəbul edilmiş geniş təlim proqramı təmin etməklə həm özəl, həm də dövlət sektorundakı şəxslərin layihələri idarəetmə bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub. Proqramın məqsədi həm layihələrin bilavasitə idarə edilməsinin icrasını təkmilləşdirmək, həm də ölkədə layihələrin idarə olunması üzrə uzunmüddətli bacarıqların yaradılmasını təmin etməkdir. Builki məzunlar hökumət, neft və qaz, sığorta, tikinti və təhsil də daxil olmaqla dövlət və özəl sektorda olam müxtəlif təşkilatları təmsil edir.
Layihə İdarəetmə Məktəbinin tədris proqramı yeddi moduldan ibarətdir. Bura Layihələrin idarə edilməsi, Layihəyə rəhbərlik, İdarəetmə və əlaqə, Risklərin idarə edilməsi, Planlaşdırma və xərclərə nəzarət, Layihə menecerləri üçün keyfiyyət, Layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, Layihələrin idarəetmə mütəxəssisi imtahanına hazırlıq daxildir.
