BP və tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinə əlavə 103 min manat ayırıb

BP və tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinə əlavə 103 min manat ayırıb Bakı. 24 noyabr. REPORT.AZ/ BP şirkətinin Azərbaycandakı layihələrdəki tərəfdaşları ilə birgə 2016-cı ilin sentyabr ayında Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində başlanılmış Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması Layihəsinin nəticələri və layihə üzrə yeni sahələrə əlavə dəstək verilməsi ilə bağlı tədbir keçirilib.
Energetika
24 Noyabr , 2017 11:18
BP və tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinə əlavə 103 min manat ayırıb

Bakı. 24 noyabr. REPORT.AZ/ BP şirkətinin Azərbaycandakı layihələrdəki tərəfdaşları ilə birgə 2016-cı ilin sentyabr ayında Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində başlanılmış "Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması Layihəsi"nin nəticələri və layihə üzrə yeni sahələrə əlavə dəstək verilməsi ilə bağlı tədbir keçirilib.

"Report" xəbər verir ki, layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək vermək və beləliklə, ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə vermək olub.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, BP şirkətinin təhsil sektorundakı layihələri çoxşaxəlidir: "Şadıq ki, BP regionlarda təhsillə bağlı müxtəlif layihələr həyata keçirir. Təqdimatında iştirak etdiyimiz bu layihə də çox vacib layihədir. Layihə çərçivəsində 12 təlim modulu hazırlanıb və 7 modulun hazırlanması nəzərdə tutulub. Peşə təhsilinin dünya standartlarına cavab verməsi üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "British Council" tərəfindən yerinə yetirilmiş bu layihə nəticəsində bağçılıq (3 modul), bitkiçilik (5 modul), kənd təsərrüfatı texnikası/aqrar xidmətlər (4 modul) sahələri üzrə 12 təlim modulu üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanıb.

Tədbirdə çıxış edən BP-nin Azərbaycan,Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin əhəmiyyətindən danışaraq bildirib ki, layihə nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetindən və müxtəlif peşə məktəblərindən olan 40 yerli ekspert və təlimçi üçün modulların hazırlanması və modullu tədris metodları üzrə təlim keçirilib.

"Bu insanlar Azəraycanda müxtəlif məktəblərdə, o cümlədən Təhsil Nazirliyi tərəfindən bu yaxınlarda açılışı edilmiş Qəbələ şəhərindəki peşə məktəbində yeni nəsil mütəxəssislərə dərs keçəcəklər. Layihənin müvəffəqiyyətli olmasından həvəslənərək və maliyyə resurslarının düzgün idarə olunması nəticəsində qənaət edilmiş vəsaitlərdən, habelə layihə sponsorlarının ayırdığı əlavə maliyyə vəsaitlərindən istifadə edərək BP və tərəfdaşları tərəvəzçilik (3 modul) və meyvəçilik (4 modul) sahələri üzrə əlavə 7 modul üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlamaq məqsədilə mövcud müqaviləyə düzəliş ediblər.

Layihənin bu, növbəti mərhələsi 2018-cı ilin iyun ayında tamamlanacaq. Buna görə də 461 min manat təşkil edən yekun büdcə (358 min manat ilkin büdcə və əlavə 103 min manat) çərçivəsində 19 modul üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanacaq. Sahələr üzrə 40 nəfər ekspert və təlimçi yetişdiriləcək", - deyə B.Aslanbəyli əlavə edib.

Vitse-prezident qeyd edib ki, bu gün Azərbaycan regional enerji bazarında öz sözünü demiş mühüm iştirakçıdır: "Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz", və Cənub Qaz Dəhlizi kimi layihələr sayəsində ölkəmiz regional enerji mərkəzinə çevrilməkdədir. Arzu edirəm ki, Azərbaycan öz istedadlı mütəxəssislərini regiona ixrac edən insan resursları mərkəzinə çevrilsin və Azərbaycan gəncləri ölkədə və ölkə hüdudlarından kənarda çoxsaylı nailiyyətlərə imza atsın".

Son xəbərlər

Orphus sistemi