BP şirkəti Abşeronun dayazsulu sahəsində 3D tədqiqatlarda iki yeni texnologiyadan istifadə edəcək

BP şirkəti Abşeronun dayazsulu sahəsində 3D tədqiqatlarda iki yeni texnologiyadan istifadə edəcək Birinci texnologiya üzrə kiçik nodlar, ikincisi isə eyni vaxtda bütün mənbələrdən məlumatı götürməyə imkan verən aparatlardan istifadə olunacaq
Energetika
4 Fevral , 2016 14:00
BP şirkəti Abşeronun dayazsulu sahəsində 3D tədqiqatlarda iki yeni texnologiyadan istifadə edəcək

Bakı. 4 fevral. REPORT.AZ/ "BP-Azerbaijan" şirkəti Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda 3D seysmik təqdiqat aparmaq üçün iki yeni texnologiyadan istifadə edəcək. "Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin hasilat və kəşfiyyat üzrə vitse-prezidenti Qreq Rayli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, birinci texnologiya kiçik nodlar, ikincisi isə eyni vaxtda bütün mənbələrdən məlumatı götürməyə imkan verən aparatlardan istifadəni nəzərdə tutur: "Dünyanın bir çox yerində çox çətin olduğundan dayazsulu hissələrdə seysmik tədqiqatlar aparılmır. Dərinsulu ərazilərdə seysmik tədqiqat üçün Azərbaycanın "Gilavar" gəmisi kimi avadanlıqlar quraşdırılmış xüsusi gəmilər var. Bu gəmilərlə dərinsulu hissədə rahat işləmək mümkündür. Amma dayazsulu hissədə o cür avadanlıqlar quraşdırılmış gəmilər işləyə bilmir. Ona görə də başqa texnologiyadan istifadə olunmalıdır. Buna görə də 3D tədqiqatı aparmaq üçün iki xüsusi texnologiyadan istifadə edəcəyik".

Q.Rayli qeyd edib ki, bu texnologiyalar həm tədqiqatın mürəkkəbliyini aradan qaldıracaq, həm də daha sürətlə tədqiqat aparmağa imkan verəcək. "Birinci texnologiya üzrə istifadə olunan kiçik nodlar, aparatlardır. Bu aparatlar dənizin dibində müəyyən yerlərdə quraşdırılacaq. İkinci texnologiya isə eyni vaxtda bütün mənbələrdən məlumatı götürməyə imkan verəcək. Xüsusi kompüter sistemi bütün mənbələrdən eyni vaxtda qəbul olunan məlumatları qəbul və emal edəcək".

Qeyd edək ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda mart ayından 3D seysmik tədqiqat işlərinə başlanacaq və işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. 3D seysmik tədqiqat "Geokinetics" şirkəti tərəfindən aparılacaq.

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR ) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Bu saziş Azərbaycan hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

Son xəbərlər

Orphus sistemi