BP-nin vitse-prezidenti: “Səngəçal terminalının karbonsuzlaşdırılması yalnız ilk addımdır”

BP-nin vitse-prezidenti: “Səngəçal terminalının karbonsuzlaşdırılması yalnız ilk addımdır” BP Cəbrayılda günəş elektrik stansiyası tikintisi layihəsinə (“Sunrise” layihəsi) və Səngəçal terminalının elektrikləşdirilməsinə şirkətin Azərbaycanda uzunmüddətli karbon planlarının nəzərdən keçirilməsinin başlanğıcı kimi baxır.
Energetika
1 Mart , 2024 20:06
BP-nin vitse-prezidenti: “Səngəçal terminalının karbonsuzlaşdırılması yalnız ilk addımdır”

BP Cəbrayılda günəş elektrik stansiyası tikintisi layihəsinə (“Sunrise” layihəsi) və Səngəçal terminalının elektrikləşdirilməsinə şirkətin Azərbaycanda uzunmüddətli karbon planlarının nəzərdən keçirilməsinin başlanğıcı kimi baxır.

“Report” xəbər verir ki, bu barədə BP-nin maliyyə məsələləri üzrə regional (Azərbaycan, Gürcüstan və Türkiyə) vitse-prezidenti Kolin Allan bildirib.

K.Allan vurğulayıb ki, Cəbrayılda günəş enerjisinin istehsalı üzrə layihə Səngəçal terminalında elektrik enerjisi istehsalı üçün yanacaq qazdan istifadəni azaltmaq məqsədilə nəzərdə tutulub və bu, BP-nin fəaliyyəti zamanı yaranan ümumi emissiyalarının 11 % azalmasına gətirib çıxaracaq.

“Bu nümunə əsasında biz uzunmüddətli karbon planımızı nəzərdən keçiririk. Biz “Şahdəniz” yatağında dəniz infrastrukturunun mərhələli elektrikləşdirilməsinə necə keçə biləcəyimizi konseptual olaraq müəyyən etmişik. Bu, növbəti onillikdə bir sıra investisiyalar vasitəsilə həyata keçiriləcək”, - BP-nin vitse-prezidenti bildirib və əlavə edib ki, bunlar şirkət mühəndisləri arasında enerji keçidi probleminin həlli ilə bağlı fərqli düşüncə tərzinin göstəriciləridir.

K.Allan həmçinin 240 meqavatlıq Cəbrayıl stansiyası layihəsinin icrasında mühüm irəliləyişlərin əldə edildiyini də bildirib: Cəbrayılda havanın monitorinqi stansiyası quraşdırılıb, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) stansiyanın yerləşəcəyi ərazidə minatəmizləmə və sursatların zərərsizləşdirilməsi işlərini həyata keçirib və tezliklə orada test işlərinə başlanacaq.

“Beləliklə, enerji keçidi sənaye üçün və enerji ixrac edən ölkə kimi Azərbaycan üçün mühüm dəyişikliklər və imkanlar deməkdir. Azərbaycanda biz emissiyaların azaldılması üçün çox çalışmaqla yanaşı, qlobal bazarları əlverişli və təhlükəsiz enerji ilə təmin etmək potensialını görürük. BP bu potensialı reallığa çevirməyi səbirsizliklə gözləyir”, - K.Allan fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi