BP şirkətinin Azərbaycanda hər hansı layihədəki iştirak payının faizi digər payçılardan az olması, beynəlxalq təcrübəyə görə, normal bir haldır.
“Report”un məlumatına görə, bunu BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Norveçin “Equinor” şirkətinin Azərbaycandakı layihələri tərk etdikdən sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Xəzər dənizin Azərbaycan sektorundakı bir sıra layihələrdə payının operatorun iştirak payından çox olmasına münasibət bildirərkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər hansı layihədə operatorluq dövlətin müqavilə əsasında verdiyi öhdəlikdir: “Bu dövlətin BP şirkətinə verdiyi hüquq və tapşırıqdır. Biz bu öhdəliyi yerinə yetiririk. Bu vaxta qədər BP-nin iştirak faizinin yuxarı olduğu üçün operator deyildi”.
B. Aslanbəyli qeyd edib ki, dünya təcrübəsində hər hansı layihədə iştirak faizi aşağı olan operator şirkətləri var: “İştirak faizi yuxarı olub operator olmayan şirkətlər də var. Həm də layihə operatorunu layihədə iştirak edən şirkətlər də təyin edirlər”.
Xatırladaq ki, 2023-cü ilin dekabrın 22-də “Equinor” Azərbaycandakı aktivlərini satmaq üçün SOCAR ilə müqavilə bağlayıb. Sövdələşməyə görə, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7,27 %, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8,71 %, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50 % satıb. “Equinor” 2024-cü ildə ölkədəki aktivlərini SOCAR-a satmaq üçün razılaşmanı imzalamağı planlaşdırır.
Bunun nəticəsində SOCAR-ın payı AÇG-də 32,27 %-ə, BTC - 33,71 %-ə, “Qarabağ” yatağında - 100 %-ə çatdırılacaq, BP-nin payı isə müvafiq olaraq 30,37 % və 30,1 % səviyyəsində qalır.
Qeyd edək ki, ötən ilin sonunda “Equinor” Azərbaycandakı layihələrdən planlaşdırılan çıxışı ilə bağlı 310 milyon ABŞ dolları zərər edib.