BP Azərbaycanda AYDS-i layihəsi üzrə sənədi ictimaiyyətə təqdim edib

BP Azərbaycanda AYDS-i layihəsi üzrə sənədi ictimaiyyətə təqdim edib AYDS müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilib və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır
Energetika
1 İyul , 2021 13:08
BP Azərbaycanda AYDS-i layihəsi üzrə sənədi ictimaiyyətə təqdim edib

BP Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişi üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyu) üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib.

Bu barədə “Report”a Abşeron yarımadası ətrafında dayazsulu sahəsinin peratoru “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilir ki, ƏMSSTQ sənədi AYDS müqaviləsinin kəşfiyyat qazma mərhələsi üçün hazırlanıb. Bu sənəddə kəşfiyyat qazma fəaliyyətlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.

AYDS müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilib və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. Bu sənəd ikinci kəşfiyyat quyusunu əhatə edir. Həmin quyu qurudan təxminən 1,5 km məsafədə, suyun təxminən 7m dərinliyində (potensial karbohidrogen ehtiyatı dəniz dibindən təqribən 4 000 m aşağıda) yerləşən Qərb perspektiv sahəsində qazılacaq.

Qeyd edək ki, Şimal-Şərq perspektiv sahəsindəki birinci kəşfiyyat quyusu üçün ƏMSSTQ sənədi 28 avqust 2020-ci il tarixində 60 gün ərzində ictimaiyyətə açıqlanmışdı. Ücüncü quyu sahəsində aparılacaq kəşfiyyat qazma işləri ayrıca olaraq bu ƏMSSTQ-yə əlavə ediləcək sənəddə əhatə olunacaq.

Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəy və təkliflərinin dinlənilməsi və sənədləşdirilməsi prosesi əsas maraqlı tərəflərin kollektiv fikirlərinin layihənin planında və ƏMSSTQ-də nəzərə alınmasını təmin edir.

ƏMSSTQ sənədinin tam layihə variantı Azərbaycan və İngilis dillərində hazırlanmış və bp-nin vebsaytına yerləşdirilib. Sənədlərlə buradan tanış ola bilərsiniz.

ƏMSSTQ sənədinin layihə variantına dair öz şərh və rəylərinizi aşağıdakı qaydada bizə göndərməyinizi xahiş edirik:

doldurulmuş rəy formalarını [email protected] ünvanına elektron poçt vasitəsilə göndərməklə, və ya doldurulmuş rəy formalarını Bakı şəhəri, AZ1010, Neftçilər prospekti 153, “Port Baku”, BP Xəzər Mərkəzi ünvanına poçt vasitəsilə göndərməklə.

Qeyd: rəy formasına keçid: https://go.bp.com/bAB8G

ƏMSSTQ-nin açıqlanması müddəti 60 gündür. Bu müddət 1 iyul 2021-ci il tarixində başlanır və 30 avqust 2021-ci il tarixində başa çatacaq.

COVID-19 pandemiyası səbəbindən ƏMSSTQ sənədinin nüsxələrini əvvəllər olduğu kimi ictimai kitabxanalarda yerləşdirmək mümkün olmayacaq.

Bununla belə, ictimai kitabxanaların, institutların və universitetlərin və digər təşkilatların yuxarıdakı linklər vasitəsilə bp-nin vebsaytından ƏMSSTQ

sənədini yükləməsi və öz onlayn resursları vasitəsilə yayması arzuolunandır.

"ƏMSSTQ sənədinin layihə variantına dair fikir və rəylərinizi gözləyirik", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi