bp ACE layihəsində daha bir uğura nail olub

bp ACE layihəsində daha bir uğura nail olub Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə hal-hazı
Energetika
28 İyul , 2022 15:16
bp ACE layihəsində daha bir uğura nail olub

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə hal-hazırda tikilməkdə olan ACE üst tikililər blokunun üzərinə yerləşdirib.

Bu barədə “Report”a layihənin operatoru olan bp şirkətindən məlumat verilib.

İki qazma modulundan biri çəkisi 2 350 ton, uzunluğu 43 m, eni 20 m və hündürlüyü 20 m olan modullu qazmaya dəstək modulu (MQDM) və ikincisi isə çəkisi 2 400 ton, uzunluğu 32 m, eni 22 m, hündürlüyü 80 m olan qazma avadanlığı dəstidir (QAD). Bu iki qazma modulu ACE-in üst tikililər blokundan kənarda “qaldırma və sürüşdürmə” əməliyyatınadək ayrıca inşa olunub. Modullar Bibiheybətdəki istehsalat-quraşdırma sahəsində inşa edilib.

ACE layihəsinin baş meneceri Nil Fillips bildirib ki, bu, bp-nin Xəzərdə ilk dəfə icra etdiyi, dəqiqliklə planlaşdırılmış mürəkkəb bir əməliyyatdır: "Əvvəlcə modulları üst tikililərin göyərtəsinin yanında olan əsas qaldırma yerinə aparmaq üçün onların altına özü hərəkət edən qoşqular yerləşdirildi. Onlarla modullar göyərtənin yanında aparıldı, sonra modulların altına əlavə polad kasetlər yerləşdirməklə onlar təxminən 27 metr lazım olan hündürlüyə qaldırıldı. Bundan sonra hidravlik itələyici domkratlar vasitəsilə modullar göyərtənin üzərinə sürüşdürüldü və öz daimi mövqelərinə yerləşdirildi. Bu, unikal əməliyyatı təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq həyata keçirdiyimiz üçün çox qürurluyuq. Bu, bizə modulun inteqrasiyasından əvvəl istismar sınağına başlamaq imkanı yaradıb”.

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu, həmçinin Rusiya, Misir və Oman üçün layihələr üzrə vitse-prezidenti Kahal Kelli isə qeyd edib ki, həmin qurğu layihə üçün çox əhəmiyyətlidir: “İki qazma qurğusunun ACE-in üst tikililər göyərtəsinə qaldırılması və uğurlu inteqrasiyası ACE layihəsinin tam başa çatdırılması istiqamətində nail olunmuş əlamətdar hadisədir. Bu əməliyyatın uğurla yerinə yetirilməsi Azfen, NOV, SOCAR-KBR və Mammoet daxil olmaqla ACE layihəsinin podratçıları ilə sıx əməkdaşlıqda aparılmış təxminən dörd illik mühəndis-layihələndirmə və istehsal işlərinin nəticəsidir. Bu mühüm nailiyyətdə əməyi olan hər kəsə təşəkkür edirəm”.

“AÇG yatağından hasilatın səmərəli şəkildə idarə olunması istiqamətində göstərdiyimiz səylərə dəstək olacaq növbəti AÇG platforması - ACE platformasının istismara verilməsi üzrə işlər plana uyğun irəliləməkdədir. 2017-ci ildə biz AÇG üzrə sazişi əsrin ortalarınadək uzatdıq və Azərbaycanın uzunmüddətli enerji tərəfdaşı olaraq AÇG əməliyyatlarını təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etdirmək öhdəliyimizə sadiqik.

Biz Azərbaycanda 30 ildir fəaliyyət göstəririk və ən azı növbəti üç onillik ərzində də burada olacağıq ki, bu ölkənin hökuməti, SOCAR və tərəfdaşlarımızla birgə işləyərək yeni sərmayələr, texnologiyalar və yeni birgə səylər vasitəsilə AÇG-nin uzunmüddətli istismar potensialını reallaşdıraq” - deyə layihə ilə bağlı fikirlərini bölüşən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

ACE layihəsi üzrə işlər ümumilikdə 75% tamamlanıb və hazırda ən yüksək həddədir. Bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5000 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi