​“BOS Shelf” SOCAR-ın işçilərinə təlim keçir

​“BOS Shelf” SOCAR-ın işçilərinə təlim keçir Kursun sonunda nəzəri və praktiki imtahanlardan müvəffəqiyyətlə keçən dinləyicilərə TTSİ-nin sertifikatları veriləcək
Energetika
13 Fevral , 2015 17:15
​“BOS Shelf” SOCAR-ın işçilərinə təlim keçir

Bakı. 13 fevral. REPORT.AZ/ ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) və “BOS Shelf” MMC arasında imzalanmış müqaviləyə əsasən, Qobustan Regional Təlim Mərkəzində istehsalatdan ayrılmaqla “quraşdırıcı çilingər” peşəsi üzrə yenidən hazırlanma kursları təşkil olunub. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kurslarda 3 qrupda 51 nəfər quraşdırıcı çilingər hazırlanır. Tədrisin nəzəri hissəsi əyani vəsait və avadanlıqlarla təmin edilmiş sinif otaqlarında, praktiki hissəsi isə “Quraşdırıcı çilingər” təlim emalatxanasında və qaynaq sexində keçirilir. Burada dinləyicilərə istənilən profilli metal konstruksiyaların quraşdırılması, metalların kəsilməsi və qaynağa hazırlanması, işçi çertyoju üzrə quraşdırılması, texnoloji boru xətlərinin, boru armaturlarının və klapanların, həmçinin avadanlıqların, nasos-kompressorların quraşdırılması və təmiri işləri öyrədilir. 

İxtisas fənləri ilə yanaşı, kurslarda həmçinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları, elektrik təhlükəsizliyi, yanğından mühafizə, ilkin tibbi yardım da tədris edilir. 

Kursun sonunda nəzəri və praktiki imtahanlardan müvəffəqiyyətlə keçən dinləyicilərə TTSİ-nin sertifikatları veriləcək.

Son xəbərlər

Orphus sistemi