Bolqarıstanda Azərbaycan qazının nəqlinə dair saziş imzalanıb

Bolqarıstanda Azərbaycan qazının nəqlinə dair saziş imzalanıb IGB layihəsi üzrə yekun investisiya sazişi EAD və "Poseidon" arasında imzalanıb
Energetika
10 Dekabr , 2015 16:49
Bolqarıstanda Azərbaycan qazının nəqlinə dair saziş imzalanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Sofiya şəhərində (Bolqarıstan) Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsində hasil olunacaq təbii qazın Avropaya nəqli çərçivəsində Bolqarıstana qaz almaq imkanı verən, Yunanıstan və Bolqarıstanın qaz sistemlərini birləşdirən qaz xəttinin (Interconnector Greece-Bulgaria - IGB) tikintisi üzrə yekun investisiya sazişi imzalanıb.

"Report" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, sazişi Bolqarıstanın EAD Enerji Holdinqi və Yunanıstanın "Poseidon S.A" investisiya şirkəti imzalayıb.

Bolqarıstanın energetika naziri Temenujka Petkova imzalanma mərasimindən sonra qeyd edib ki, bu sazişlə təkcə Bolqarıstan və Yunanıstan üçün deyil, bütün Cənubi Avropa üçün strateji əhəmiyyət daşıyan bir layihənin həyata keçirilməsinə başlanılır.

Qeyd edək ki, bu layihə Azərbaycan qazının Avropa bazarına çıxarılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin komponentidir. Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya nəql olunacaq Azərbaycan qazının bir hissəsi IGB kəməri ilə Bolqarıstana çatdırılacaq.

Xatırladaq ki, 180 km uzunluğu olan IGB Bolqarıstan-Yunanıstan birgə müəssisəsi (EAD - 50%, "Poseidon S.A" - 50%) tərəfindən inşa olunacaq. "Poseidon S.A."da Yunanıstanın DEPA şirkəti 25%, İtaliyanın "Edison" şirkəti isə 25% paya malikdir.

İllik ötürücülük qabilliyəti 3 mlrd. kubmetr nəzərdə tutulan kəmərin 2016-cı ilin oktyabr ayında inşasına başlanılması planlaşdırılır. IGB kəmərinin tikintisinə dair investisiya razılaşmasının imzalanması bu il iki dəfə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi