BMT SOCAR-a 4 hibrid enerji sərfəli avtomobil verib

BMT SOCAR-a 4 hibrid enerji sərfəli avtomobil verib Gələn ilin əvvəlində əlavə bir neçə avtomobilin alınması nəzərdə tutulur
Energetika
1430
19 Aprel , 2017 13:45
BMT SOCAR-a 4 hibrid enerji sərfəli avtomobil verib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Xəzər rayonunun Qala qəsəbəsindəki ekoparkda BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən 4 hibrid enerji sərfəli avtomobil Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvil verilib.

“Report” xəbər verir ki, bu avtomobillər benzin enerjisini elektrik enerjisinə çevirmək və mühərriki işə salmaq üçün nəzərdə tutulub.

Avtomobillər SOCAR-ın ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəyə təhvil verilib. SOCAR-ın vitse-prezidenti layihəni şirkətin "sıfır emissiyalı kompaniya"ya çevrilməsi planının bir hissəsi olduğunu bildirib. Bu strategiyanın Azərbaycanın iqtisadiyyatına və inkişafına, eləcə də daha təmiz ətraf mühitin təmin edilməsinə xidmət göstərəcəyini söyləyib.

R.Hüseynzadə bildirib ki, avtomobillər Qlobal Ekoloji Fond tərəfindən maliyyələşən, UNDP və SOCAR tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində alınıb və gələn ilin əvvəlində əlavə bir neçə maşının alınması nəzərdə tutulur. Onun sözlərinə görə, iki il öncə SOCAR və BMT arasında imzalanan "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları" (NAMA) adlı layihə elektriklə çalışan avtomobillərlə yanaşı, binalara ekoloji üzlüklərin vurulması, Siyəzəndə alçaq təzyiqli qazların yığılaraq əhaliyə verilməsini və digər məsələləri əhatə edir. O bildirib ki, qrant layihəsinin dəyəri 3,7 mln. dollardır.

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, alçaq təzyiqli qazların yığılaraq əhaliyə verilməsi məsələsi ilə bağlı dünən SOCAR nümayəndələri Siyəzəndə olublar və bu ilin sonunda layihə həyata keçiriləcək: “Siyəzəndə alçaq təzyiqli qazlar toplanacaq, kompressorlar qoyulacaq, kəmər çəkiləcək və yığılan qaz kənd əhalisinə veriləcək. SOCAR-da alçaq təzyiqli qazların yığılaraq “Azəriqaz”a verilməsi həyata keçirilir, lakin kəmər çəkilməsi, kompressorlar qoyulması baxımından ilk layihədir. Hesab edirəm ki, bu layihə bu ilin sonuna həyata keçiriləcək. Apardığımız hesablamalara görə, Siyəzəndə ildə 6 mln. kubmetr qaz yığılaraq, əhaliyə veriləcək. Gələcəkdə digər ərazilərdə də bu tip layihələrin icrası nəzərdə tutulur”.

UNDP-nin rezident əlaqələndiricisinin müavini, Alessandro Frakassetti Azərbaycanda enerji səmərəli tədbirləri həyata keçirən layihələrin əhəmiyyətini vurğulayıb. O, SOCAR-ın sərfəli enerji tədbirləri təcrübəsinin digər dövlət qurumları və özəl sektor tərəfindən də mənimsənilməsinə ümid etdiyini bildirib.

Mərasimdən sonra iştirakçılar Əlaqələndirmə Komitəsinin görüşündə layihənin 2016-cı ildə əldə etdiyi nəzərdən keçirib və 2017-ci il üçün layihə planlarını müzakirə ediblər. Tədbir SOCAR tərəfindən təşkil edilən ağacəkmə aksiyası ilə tamamlanıb.

Qeyd edək ki, bir müddət əvvəl seçilmiş 12 SOCAR sürücüsünə eko-sürücülük üzrə təlimlər keçirilib. Test nəticələrindən məlum olub ki, təlimlər əsasında sürücülər tərəfindən yanacağın istehlakı 20%-dən 8%-dək azalıb.

Bu layihə çərçivəsində yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılması üzrə silsilə tədbirlərdən yalnız biridir. Digər fəaliyyətlərə mövcud sahilyanı neft və qaz yataqları ərazisində baca və havaya buraxılan qazların yığılması, enerji səmərəli binaların və kiçik külək turbinlərinin qurulması daxildir.

"Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları" adlı layihənin məqsədi tikinti, nəqliyyat və qaz emalı kimi üç sahədə səmərəli enerji pilot tədbirləri həyata keçirməkdir. Layihə BMT Dayanıqlı Inkişaf Gündəliyi, Azərbaycanın Milli İnkişaf Strategiyası və SOCAR-ın "sıfır emissiya" strategiyasını dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi