Yuxarı

"Bloomberg": Yaxın gələcəkdə neftin qiyməti yenidən 100 dollar/barel səviyyəsinə qayıdacaq

Qərb analitikləri Report agentliyinin dünya neft bazarında qiymətlərin artımı ilə bağlı proqnozlarını təsdiq edirlər

Bakı. 30 oktyabr. REPORT.AZ/ Yaxın gələcəkdə dünya neft bazarında qiymətlər yenidən 100 dollar/barel səviyyəsinə kimi yüksələcək. Bu, yanacağa olan tələbatın durmadan artması ilə əlaqədardır. Analitiklər hesab edirlər ki, neftə tələbatın azalması qısamüddətli olacaq. "Report" xəbər verir ki, bu barədə analitiklərin sorğusu əsasında "Bloomberg" agentliyi tərəfindən dərc olunan məqalədə deyilir. 

"Barclays Capital Services"in ekspertlərinin sözlərinə görə, neftin ucuzlaşması səbəbindən təkcə bu il əsasən Kanada və Arktikada 22 layihə dayandırılıb. "Sanford C. Bernstein & Co."dan isə qeyd ediblər ki, yanacağın cari qiyməti ABŞ və Kanadada şist neft yataqlarının istifadəsində ləngimələrə gətirib çıxaracaq. Nəticədə, yeni tədarük mənbələrinin olmaması neftin qiymətinin elə həddə qədər artmasına gətirib çıxaracaq ki, yataqların istismarı yenidən rentabelli olsun.

"Standard Chartered" şirkətinin xammal məhsullarının tədqiqi şöbəsinin rəhbəri Pol Horsnell qeyd edib ki, qiymətlərin azalmasını hələ "yeni norma" kimi qəbul etmək lazım deyil. Onun fikrincə, neftin qiyməti 90 dollar/barel həddini aşacaq. Beynəlxalq Enerji Agentliyinin 2019-cu il üçün dünyada neftin gündəlik istehlakının proqnozlaşdırılan artımı da buna işarə edir. Agentlik hesab edir ki, bu həcm indiki 92,8 mln. bareldən 99 mln. barelə qədər artacaq. 

Xatırladaq ki, "Report"un analitik qrupunun ekspertləri oktyabrın 27-də agentliyin saytında dərc olunan məqalədə qeyd ediblər ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması müvəqqəti prosesdir, obyektiv və subyektiv siyasi və iqtisadi amillərlə bağlıdır.  

Birincisi, dünyada neft yataqlarının sayı və potensialı məhduddur, ikincisi, enerjiyə olan tələbat ildən-ilə artır, neft isə bərpa olunan enerji mənbəyi deyil. Bununla yanaşı, bir çox ölkədə istifadə edilən alternativ enerji imkanları məhduddur və dünya iqtisadiyyatının artan tələbatını təmin etmək iqtidarında deyil. Bundan başqa, bu gün alternativ enerjinin istehsal texnologiyası olduqca bahalıdır və bu sahə üçün hələ də dotasiyalar ayrılır.

Məqalədə həmçinin qeyd olunub  ki, son illər ABŞ hökuməti ölkədə neft və qaz şist yataqlarının işlənməsinə xüsusi diqqət ayırır. Həmin sahənin mütəxəssislərinin hesablamalarına görə, şist yataqlarının işlənməsi neftin dünya qiymətinin 75 dollar/bareldən az olmayacağı təqdirdə iqtisadi baxımdan sərfəlidir.

Bununla yanaşı, yaxın zamanlarda Rusiyadan enerji asılılığını minimallaşdırmaq istəyən Avropa ölkələri də şist yataqlarının işlənməsinə başlamağı planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi