Yuxarı
    Bağlamaq

    Bu il "Şahdəniz" layihəsinə 2,5 mlrd. dollardan çox xərc çəkilib

    Məlumata görə, əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz-2yə aid olub

    Bakı. 10 avqust. REPORT.AZ/ Cari ilin ilk yarısında "Şahdəniz" layihəsi üzrə fəaliyyətə təqribən 0,25 mlrd. ABŞ dolları həcmində əməliyyat xərcləri və 2,26 mlrd. dollar əsaslı xərclər çəkilib. "Report" xəbər verir ki, bu barədə layihənin operatoru olan "BP-Azerbaijan" şirkətinin yaydığı hesabatda deyilir.

    Məlumata görə, əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" mərhələsinə aiddir.

    Hesabatda deyilir ki, 2015-ci ilin birinci yarısı ərzində "Şahdəniz" yatağı Azərbaycan (SOCAR), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə ("BOTAŞ" şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib.

    Bu dövr ərzində yataqdan 5,2 mlrd. kubmetr qaz və 1,2 mln. ton, yaxud təqribən 9,8 mln. barel kondensat hasil edilib.

    Mövcud "Şahdəniz" qurğularının maksimal hasilat gücü gündə 29,5 mln. kubmetr və ya ildə təqribən 10 mlrd. kubmetrdir.

    Birinci yarım ildə "Şahdəniz-1" çərçivəsində platformadakı bir hasilat quyusu, yəni SDA07-i tamamlanıb və daha bir hasilat quyusunun qazılması davam etdirilib.

    "İstiqlal" və "Heydər Əliyev" qazma qurğuları isə "Şahdəniz-2" layihəsinin öncəqazma proqramına dəstək vermək üçün qazma əməliyyatlarını davam etdirib. İyul ayında "İstiqlal" qazma qurğusu sertifikasiya və yenidənqurma üçün tərsanəyə gətirilib, "Heydər Əliyev" qurğusu isə qazma əməliyyatlarını davam etdirir.

    Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 8 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

    "Birinci yarımildə "Şahdəniz-2"-nin qrafiki üzrə irəliləyişə davam edərək bir sıra hədəflərə vaxtından əvvəl nail olunub. Layihə artıq mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 11 mlrd. dollar dəyərində əsas müqavilələr imzalanıb. 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstək olmaq üçün daha iki müqavilə iyun ayında imzalanıb", - deyə şirkətin hesabatında bildirilir.

    Azərbaycanda 15 mindən çox insan artıq bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub və onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

    Xatırladaq ki, "Şahdəniz"də operator olan BP-nin payı 28,8%-dir. Həmçinin, AzŞD-nin 10%, "Cənub Qaz Dəhlizi Upstream"in 6,7%, "Petronas"ın 15,5%, "LUKoil"un 10%, NIKO-nun 10% və TPAO-nun 19% payı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi