“İlin sonuna qədər "Azəri-Çıraq-Günəşli" ("AÇG") yataqlar blokunda yeni, yeddinci platformanın dayaq blokunun dənizə göndərilməsi planlaşdırılır”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” meqastrukturu “qocalıq” dövrünə daxil olduğuna görə neft hasilatının səviyyəsində təbii azalma müşahidə olunur: “Yeni platformanın istismara verilməsi “AÇG”də neft hasilatının saxlanmasının və hasilatın kəskin azalmasının qarşısını almağa kömək edəcək”.
Bu günə olan məlumata görə, Azəri Mərkəzi Şərqi (ACE) layihəsinin tikintisi 73 % tamamlanıb, platformada ilk neft hasilatı 2023-cü ilin sonunda gözlənilir. B.Aslanbəyli bildirib ki, birinci rübün yekunlarına görə, yataqlarda orta sutkalıq neft hasilatı 434 min barel olub: “137 neft quyusundan neft hasil edilib, laylararası təzyiq 37 suvurma və 8 qazvurma quyusu vasitəsilə saxlanılıb.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.