Yuxarı
    Bağlamaq

    Berat Albayrak: “Bu ilin sonuna TANAP-ın 55% inşası tamamlanacaq”

    TANAP-la 2018-ci ildə Türkiyəyə ilk qaz nəql olunacaq

    Bakı. 8 noyabr. REPORT.AZ/ Bu ilin sonuna qədər Azərbaycan qazını Türkiyə və buradan Avropaya nəql edəcək Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin inşasının 55%-nin tamamlanması planlaşdırılır.

    “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu enerji və təbii ehtiyatlar naziri Berat Albayrak Türkiyə Böyük Millət Məclisində (TBMM) Nazirliyin 2017-ci ilin büdcəsi ilə bağlı təqdimatında bildirib.

    Nazir xatırladıb ki, TANAP-la 2018-ci ildə Türkiyəyə ilk qaz nəql olunacaq: “2020-ci ildə isə Avropanın qaz tələbatının təmin olunması nəzərdə tutulur”.

    Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

    2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi