Bakı. 1 mart. REPORT.AZ/ "Rusiya vergi manevrindən itkiləri kompensasiya etməsə, Belarus üçüncü ölkələrdən neft alışına başlaya bilər".
“Report”un “Kommersant” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksand Lukaşenko bildirib.
“Biz 400 mln. dollara vergi manevrini yaşaya biləcəyik. Neft emalı zavodlarının modernizasiyasını yekunlaşdıracağıq və kənardan neft alacağıq. Bu gün nə qədər istəsən, neft almaq mümkündür, ancaq məsələ onun qiymətindədir”, - deyə A. Lukaşenko bildirib.
Onun sözlərinə görə, Belarus yaxın zamanlarda özünün neft emalı zavodlarının modernizasiyasını yekunlaşdıracaq və Avropa zavodlarında olduğu kimi, neft emalının dərinliyini 90-92%-ə çatdıracaq.
“Bundan kim udacaq?! Biz, sadəcə, yad neft gətirəcəyik. Bu, Rusiyaya lazımdır? Yox!”, - deyə Belarus Prezidenti qeyd edib.
Xatırladaq ki, rəsmi Minsk Rusiyada neft manevrinin reallaşdırılması üçün təzminat istəyir. Belarus Rusiya ilə ixrac rüsumlarını sinxronlaşdırır. Bu səbəbdən də respublikanın gəlirləri azalacaq. Vergi manevri həmçinin Belarus üçün neft bahalaşmasına gətirib çıxaracaq.
Qeyd edək ki, Minsk vergi manevrindən 2019-cu ildəki itkilərini 400 mln. dollar qiymətləndirir. 2025-ci ilə qədər bu rəqəm 10,6 mlrd. dollar təşkil edəcək.