Belarus Rusiyadan neft tədarükü mövzusunda razılığa gəlməsinə baxmayaraq, yeni ildən tədarükün şaxələndirilməsi üzərində işi davam etdirmək niyyətindədir.
“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Belneftexim” Konserninin sədri Andrey Rıbakov “Vesttnik Belneftexim” nəşrinə verdiyi müsahibəsində bildirib.
"Gəlin şaxələndirmənin bir məqsəd deyil, müasir neft və neft məhsulları bazarının reallıqları olduğuna əsaslanaq. Hazırkı şəraitdə bütün neft-kimya kompleksinin sabit fəaliyyətinin zəmanəti manevr etmək bacarığıdır", - deyə A.Rıbakov bildirib.
O qeyd edib ki, 2020-ci il bir çox cəhətdən çətin bir il olub və çətin ki, heç kim bu qədər fors-major vəziyyəti qabaqcadan görmürdi: "Bizim üçün bu, ölkəyə neft tədarükü şərtləri ilə bağlı çətin danışıqlarla başlayıb. Bununla da birlikdə neft tədarükü şərtlərinin yaxşılaşması ilə nəticələnib. Yaz aylarında dünyanı bürüyən pandemiya ilə əlaqədar planlarımızı və iş formalarımızı düzəltməli olduq".
Onun sözlərinə görə, il ərzində əldə edilən təcrübə, şübhəsiz ki, gələcəkdə faydalı olacaq: “Bizim neftayırma zavodlarımız yeni növlər və neft qarışıqlarını “sınadılar", dünya ticarətçiləri ilə əməkdaşlıq edərək yeni logistika hazırladılar".
O bildirib ki, növbəti mərhələdə məhsul tədarükü üçün digər variantları "sınayacaqlar”: “Çünki bizim üçün Rusiya limanları ilə bağlı yeni imkanlar açılır. Hazırda biz aktiv olaraq bunun üzərində işləyirik”.