Yuxarı

Baş nazir: "Bolqarıstan İGB sayəsində qaz asılılığından qurtulacaq"

Baş nazir: "Bolqarıstan İGB sayəsində qaz asılılığından qurtulacaq"

"Bolqarıstan gələn ildən gec olmayaraq ABŞ, Qətər, Kipr, Misir maye qazını və Azərbaycan təbii qazını idxal edə biləcək".

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycan təbii qazını bu ölkəyə nəql edəcək Yunanıstan – Bolqarıstan boru kəməri (İnterconnector Greece – Bulgaria, İGB) layihəsi çərçivəsində Haskovo şəhərində tikinti işlərini təftiş edərkən bildirib.

“Gələn il bolqarlara qaz asılılığınız yoxdur, haradan istəsək qaz ala bilərik – deyə biləcəyik. Bu gerçək şaxələnmədir”, – hökumət başçısı bu boru kəmərini bir çox siyasətçi nəsillərin arzuladığını deyib.

Qeyd edək ki, təftişdə həmçinin enerji naziri Temenujka Petkova, Azərbaycan, ABŞ, Yunanıstan səfirləri Nərgiz Qurbanova, Herro Mustafa, Dimitrios Xronopulos da iştirak ediblər.

“Enerji mənbələrini şaxələndirməkdə Bolqarıstana kömək etməyə şadıq. Bu, mənim üçün, Azərbaycan üçün tarixi məqamdır. Hamınızı bu əlamətdar tarix münasibətilə təbrik edirəm”, – Nərgiz Qurbanova söyləyib.

“İGB layihəsi Bolqarıstanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Belə ki, enerji təhlükəsizliyi elə milli təhlükəsizlikdir”,- səfir Herro Mustafa bildirib.

“İGB bu üç ölkəni vahid enerji layihəsi içərisində yaxınlaşdırır. Üzən stansiyanı, Aleksandropolisdəki maye qaz terminalını əhatə edən bu layihə Yunanıstanın, Bolqarıstanın, ABŞ-ın müştərək layihəsi olacaq, boru kəməri də həmin layihənin başlanğıcıdır”,- səfir Dimitrios Xronopukos fikirlərini dilə gətirib.

Avropa İttifaqının 7 başlıca enerji layihəsinə aid olunan İGB layihəsinin Yunanıstan və Türkiyədəki mövcud və yeni terminallar vasitəsilə Yaxın Şərqdın, Xəzər regionundan, Şərqi Aralıq bölgəsindən enerji mənbələri tədarükü və tədarük xətlərinin şaxələndirilməsi demək olduğunu qeyd edən Bolqarıstan baş naziri tikintidə artıq torpaq işlərinə başlandığını, marşrutun birinci kilometrində boruların lazımi yerlərə çatdırıldığını bildirib.

Qeyd edək ki, İGB Xəzərin Azərbaycan sektorundakı Şahdəniz qaz kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün Şahdəniz konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. İGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir. İGB-nin sərmayə dəyəri 220 milyon avrodur.

182 kilometrlik uzunluğunun 150 kilometri Bolqarıstan ərazisindən keçən boru kəmərinin illik buraxılış gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi