Bakıda Qazma Təlim Mərkəzi fəaliyyətə başlayıb

Bakıda Qazma Təlim Mərkəzi fəaliyyətə başlayıb Bu gün Bakıda “SOCAR-AQŞ”nin dəstəyi ilə Xəzər hövzəsi regionunun ən müasir Qazma Təlim Mərkəzi hesab edilən – “Baku Drilling School” açılıb.
Energetika
20 Dekabr , 2019 15:55
Bakıda Qazma Təlim Mərkəzi fəaliyyətə başlayıb

Bu gün Bakıda “SOCAR-AQŞ”nin dəstəyi ilə Xəzər hövzəsi regionunun ən müasir Qazma Təlim Mərkəzi hesab edilən – “Baku Drilling School” açılıb.

“Report” xəbər verir ki, “Baku Drilling School” ən innovativ qazma simulyatorları və beynəlxalq təcrübəyə malik mütəxəssisləri ilə regionda peşəkar qazma heyətinin yetişdirilməsində önəmli rol oynayacaq.

Neft-qaz sənayesinin müxtəlif sahələrinə dair 40-dan çox təlim proqramlarını təklif edən “Baku Drilling School” regionda Quyuya Nəzarət Beynəlxalq Forumu (IWCF), Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası (İADC) və Dənizdə Neft Sənayesi Təlim Təşkilatı (OPİTO) kimi nüfuzlu təsisatların akkreditasiyalarını əldə etmiş ilk təlim mərkəzidir.

“Baku Drilling School”da yaradılmış innovativ maddi-texniki baza gənc mütəxəssislərin nəzəri və təcrübi biliklərinin vəhdətinə önəmli töhfə verərək müasir tələblərə cavab verən kadrların yetişdirilməsində əvəzsiz rol oynayacaq.

Belə ki, dünyanın ən son çoxfuksional simulyatoru hesab edilən” Endeavor XI Platinum” dinamik simulyatoru Qazma Təlim mərkəzində quraşdırılıb. “Endeavor XI Platinum” simulyatoru layın geofiziki və geoloji xüsusiyyətlərini öncədən proqramlaşdıraraq quyuların qazılması zamanı baş verə biləcək mürəkkəbləşmələri və riskləri öncədən proqnozlaşdmaqda və qarşısını almaqda mütəxəssislərə unikal təcrübə imkanı yaradır. Təlim iştirakçıları simulyatorun geniş imkanlarından yararlanaraq “GeoCube” modelinin 3D formatı vasitəsilə istənilən qazma qurğusunu və quyuları əhatəli təsvir və idarə edə bilir. Əldə olunmuş təcrübə sayəsində gənc kadrlar həm peşəkarlıq, həm də psixoloji baxımdan real qazma şəraitindəki tapşırıqların öhdəsindən uğurla gəlmək iqtidarında olurlar.

Tədbirdə “SOCAR AQŞ”nin Baş direktoru Ramin İsayev bildirib ki, şirkət “Baku Drilling School”u təsis etməklə regionun neft-qaz sənayesində səriştəli kadrların yetişdirilməsinə özünəməxsus töhfəsini verir: “Ən son simulyator texnikasını və peşəkar təlimçiləri cəlb etməklə biz, regionda rəqabətədavamlı təsisatların da təşəkkül tapmasına dəstək veririk. Ümidvaram ki, “Baku Drilling School” tezliklə dünyada fəaliyyət göstərən digər təlim mərkəzləri arasında öz layiqli yerini tutacaq və Azərbaycan qazmaçılarının öncül rolunun dünyada tanınmasına xidmət edəcək’’.

“Baku Drilling School” MMC-nin direktoru, İWCF-nun Avropa filialının sədr müavini Nəriman Mustafayev bildirib ki, 173 illik zəngin neft tarixinə malik Bakı öz şöhrəti ilə “Baku Drilling School”a böyük stimul verir: “Mərkəzin yaradılmasında bilavasitə böyük rolu olan “SOCAR AQŞ” isə yenilikçiliyi və öncüllüyü ilə bizə nümunədir. Əminəm ki, biz keyfiyyətli təlim proqramlarımızla və uğurlu fəaliyyətimizlə bu etimadı doğruldacağıq”.

Tədbirdə “Baku Drilling School’’ MMC ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransa Universiteti və Azərbaycan Texniki Universiteti arasında potensial əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.

Qeyd edək ki, “SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.

Hazırda “SOCAR AQŞ” “Dayazsulu Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və ‘’Bulla-dəniz’’ yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

“SOCAR AQŞ” Banqladeş, Ukrayna və Türkiyədə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan layihələrin icrasını həyata keçirir.

Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma” MMC-dir.

“Baku Drilling School” MMC “SOCAR AQŞ”nin dəstəyi ilə 23 oktyabr 2019-cu ildə yaradılıb.

Təlim mərkəzi İWCF-nun Qazma zamanı quyulara nəzarət və Əsaslı təmir zamanı quyuya nəzarət üzrə 2, 3, 4-cü səviyyələr, İADC-nin qazmaçı və supervayzerlər üçün təlim və OPİTO-nun təhlükəsizlik və texniki təlimlərinin keçirilməsi üzrə akkreditasiya olunub.

Son xəbərlər

Orphus sistemi