Bakıda "MEDEF International" təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib

Bakıda "MEDEF International" təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib "Abşeron"da hasil olunacaq qazın da TANAP və TAP kəmərləri ilə ixracı nəzərdə tutulur
Energetika
12 May , 2016 17:04
Bakıda MEDEF International təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 12 may. REPORT.AZ/ Fransanın “MEDEF İnternational” təşkilatının nümayəndə heyəti Azərbaycan Energetika Nazirliyində olub. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Energetika nazirinin müavini Natiq Abbasovla keçirilən görüşdə enerji sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Azərbaycanla Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan N.Abbasov bu əlaqələrin bir çox sahələrdə, eləcə də energetika sahəsində dinamik əməkdaşlıqla müşayiət olunduğunu deyib. Fransa şirkətlərinin Azərbaycanın neft-qaz, neft məhsulları sənayesində yaxından iştirakı diqqətə çatdırılıb. Enerji sahəsində 20 illik əməkdaşlıq müddətində Fransanın “Total”, “Engie” və digər şirkətləri ilə mühüm naliyyətlərin əldə edildiyi vurğulanıb.

N.Abbasov Azərbaycanın neft ölkəsi kimi keçdiyi tarixi mərhələlərdən danışıb. Azərbaycanın qaz ixrac edən ölkəyə çevrilməsinin yaratdığı imkanlardan, eləcə də Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasından bəhs edib. Nazir müavini deyib ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindən (Mərhələ-2) hasil ediləcək qazın 9 şirkət arasında ən böyük alıcısı məhz Fransanın “Engie” şirkətidir.

O, Azərbaycanın enerji sisteminin gücünün və elektrik enerjisi istehsalının həcminin daxili tələbatı təmin etməklə bərabər, ixrac potensialını formalaşdırdığını da qeyd edib. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin hazırda əsas prioritetlərdən olduğunu bildirib. Bu məqsədlə görülən işlər haqqında danışıb. Qeyd edib ki, Fransa ilə enerji sahəsində əməkdaşlığın inkişafı üçün kifayət qədər imkanlar və yeni invesitisiyaların cəlbi baxımından əlverişli şərait var.

Nümayəndə heyətinə rəhbərlik edən “MEDEF İnternational” təşkilatının Fransa-Azərbaycan Biznes Şurasının sədri, “Suez” şirkətinin baş direktorunun müavini xanım Mari-Anj Döbon elektroenergetika sektorunun özəlləşdirilməsi ilə bağlı Azərbaycanın hər hansı planlarının olub-olmaması ilə maraqlanıb. N.Abbasov elektrik enerjisi şəbəkələrinin tam yenidən qurulması, enerji itkilərinin azaldılması və enerji səmərəliliyinə nail olduqdan sonra bu istiqamətdə konkret addımların atılmasını istisna etməyib. Onun sözlərinə görə, hazırda istilik elektrik stansiyalarının idarəetməyə verilməsi məsələsi müzakirə edilir. "Engie" şirkətinin icraçı direktoru, xanım Heike Liebold özəlləşdirmə ilə bağlı “Yol xəritəsi”nin hazırlanmasında şirkətin xidmətlərini təklif edib.

“Total”ın Azərbaycan, Qazaxıstan və Tacikistan üzrə vitse-prezidenti Tyeri Darriqrand isə “Abşeron“ yatağında görülən işlərdən danışaraq, hasil ediləcək qazın satışı sahəsində dəstəyə ehtiyac olduğunu bildirib.

Nazir müavini TANAP və TAP-ın ötürücülük gücünün gələcəkdə "Abşeron" qazının da bu kəmərlərə ixracına imkan yaradacağını diqqətə çatdırıb. "Suez" şirkətinin təmsilçisi isə tullantılardan metan qazının alınması istiqamətində həyata keçirdikləri layihənin əhəmiyyətindən danışıb.

Daha sonra qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi