​Bakıda kənd təsərrüfatı sərgisi keçiriləcək

​Bakıda kənd təsərrüfatı sərgisi keçiriləcək Tədbirdə 250-dən artıq şirkət iştirak edəcək
Energetika
18 May , 2015 16:47
​Bakıda kənd təsərrüfatı sərgisi keçiriləcək

Bakı. 18 may. REPORT.AZ/ Mayın 21-də Bakıda kənd təsərrüfatı təyinatlı məhsul və texnika istehsalçılarının iri regional forumu - IX Azərbaycan beynəlxalq kənd təsərrüfatı (“Caspian Agro-2015”) sərgisi start götürəcək. 

"Report" xəbər verir ki, Azərbaycanda “Kənd təsərrüfatı ili”nə təsadüf edən bu sərgi aqrar sənaye kompleksinin mütəxəssisləri, fermerlər, kənd təsərrüfatı məhsullarının distribyutorları, balıq təsərrüfatı və un istehsal edən zavodların rəhbərləri, habelə Azərbaycanda kənd təsərrüfatının inkişafına maraq göstərən və bu prosesdə fəal iştirak edən insanların görüş yerinə çevriləcək. Sərgidə kənd təsərrüfatı sahəsi üzrə yeniliklər, işgüzar əlaqələr, kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətədavamlı olmasına və investisiya həcminin artmasına kömək edəcək.

Bu il sərgi iştirakçılarının ümumi sayı 250 şirkətdən çox olacaq və sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya, Litva, Niderland, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələrin şirkətləri təmsil olunacaq. Avstraliya, Argentina, Belarus və Litva isə dövlət dəstəyi və peşə birliklərinin koordinasiya xidmətləri sayəsində təşkil edilən milli ekspozisiyalarla tədbirdə iştirak etməyi planlaşdırır. İlk dəfə olaraq, sərgidə Şri-Lanka və İordaniya şirkətləri də iştirak edəcək. Bütövlükdə, sərgi iştirakçılarının 50%-ni yeni şirkətlər təşkil edəcək.

"Ümumilikdə, sərgi kənd təsərrüfatı sektorunun ən aktual sahələrini əhatə edəcək. Belə ki, sərgidə maldarlıq, suvarma, irriqasiya və digər sistemlər geniş şəkildə təqdim olunacaq. Həmçinin, heyvan və quşların saxlanması və yemlənməsi, eləcə də kənd təsərrüfatı məhsullarının sonrakı emalı üçün ən son avadanlıqlar, yemin hazırlanması və saxlanması üçün müasir texnika, o cümlədən mikroiqlimin dəstəklənməsi, enerji istehsalı və ətraf mühitim mühafizəsi üzrə texnika nümunələri və baytarlıq preparatları, heyvan və quşların saxlanma yerlərinin tikintisi üzrə layihələrlə yanaşı, heyvandarlıq proqramları, mal-qara sürüsünün reproduksiyası üzrə metodikalar və bir sıra digər məsələlər sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək.

Sərgi mayın 21-dən 23-nə kimi "Baku Expo Center"də davam edəcək. Sərginin əsas təşkilatçısı qismində "Iteca Caspian" şirkəti çıxış edir.

Son xəbərlər

Orphus sistemi