Bakıda “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə Bakıda “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Energetika
27 Noyabr , 2019 13:24
Bakıda “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə Bakıda “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. 

"Report" xəbər verir ki, tədbirin açılış sessiyası öz işinə iqlim dəyişmələrinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. 

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə açılış nitqi ilə çıxış edərək, son illərdə ən mühüm ekoloji problemlərdən birinin iqlim dəyişmələri olduğunu bildirib və qeyd edib ki, alimlərin gəldiyi nəticəyə görə, bu problem birbaşa atmosferdə istilik yaradan qazların artması ilə bağlıdır. R.Hüseynzadə SOCAR-ın fəaliyyət sahələrində istilik effekti yaradan qazların inventarlaşdırılması işlərinin davamlı olaraq aparıldığından söz açıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə çıxışında qeyd edib ki, neftçıxarma bəşəriyyətə böyük faydalar, üstünlüklər gətirməklə bərabər həm də bir sıra ekoloji risklər yaratmaqdadır. Həmin risklərin minimuma endirilməsi bütövlüklə cəmiyyətin üzərinə böyük vəzifələr qoyur. Bu baxımdan neft-qaz hasilatçıları qarşısında istehsalat sahəsində ətraf mühitin çirklənməsinə yol verməmək istiqamətində daha mühüm öhdəliklər durur. Son illər ekoloji problemlərin həlli üzrə SOCAR-da həyata keçirilən kompleks tədbirlər proqramından danışan şirkət prezidenti qeyd edib ki, şirkət bir çox rəqiblərini qabaqlayaraq, neft-qazçıxarma müəssisələrində ətraf mühitin əsas çirklənmə mənbələrindən olan lay sularının qapalı sistemdə utilizasiyasını 100%-ə çatdırıb. SSRİ dövründə yararsız vəziyyətə düşmüş torpaqların bərpasına dair mühüm uğurlar əldə edildiyini vurğulayan R.Abdullayev şirkətin müəssisə və təşkilatlarının balansında olan 2 000 hektardan artıq ərazinin rekultivasiya edildiyini, həmin torpaqlarda yaşıllıqlar salındığını nəzərə çatdırıb. O qeyd edib ki, SOCAR daim birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarını nəzarətdə saxlayır, bu məqsədlə müvafiq monitorinqlər keçirir. Dünya praktikasında qəbul olunmuş məşəldə yandırılma əmsalı 5% olduğu halda, 2018-ci ildə Azərbaycanda cəmi 1% təşkil edib. Cari ildən isə bu rəqəm 0,9%-ə enib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev isə ölkədə həyata keçirilən ekoloji layihələrdən bəhs edib, ekoloji maarifləndirmə üçün bu cür tədbirlərin keçirilməsini təqdir edib.

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz isə iqlim dəyişmələri, enerji sahəsində baş verən keçid prosesləri və qarşıda duran vəzifələrdən bəhs edib, neft və qaz hasilatı ilə məşğul olan şirkətlərin enerjiyə artan tələbatı istixana qazları emissiyasını azaltmaq şərti ilə ödəməli olduqlarını bildirib. BP rəsmisi azkarbonlu gələcəyin təmin edilməsində texnologiyaların rolundan və təmsil etdiyi şirkətin həyata keçirdiyi ekoloji layihələrdən danışıb.

Konfrans daha sonra “İqlim dəyişməsi və Paris razılşması”, “Yaşıl texnologiyalar və innovasiyalar”, “Ətraf mühit və davamlı inkişaf”, “İqlim dəyişmələri və neft-qaz sənayesində beynəlxalq əməkdaşlıq” sessiyalarında davam etdirilib. Sessiyalarda tanınmış mütəxəssislərin məruzələri dinlənilmiş və mövzular ətrafında fikir mübadiləsi aparılıb. Sonda konfransın bəyənnaməsi qəbul edilib.

Qazların atmosferə emissiyasının azaldılmasına nail olmaq üçün 2015-ci ildə iqlim dəyişiklikləri məsələləri üzrə BMT-nin Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında Paris razılaşması imzalanıb. Bu razılaşmaya əsasən, dünya dövlətləri könüllülük prinsipinə uyğun olaraq iqlim dəyişmələrinə təsirin yumşaldılması sahəsində bütün imkanlardan istifadə etməlidirlər. Razılaşma ekoloji cəhətdən davamlı gələcəyə yol açır və qlobal temperaturun Selsi ilə 1,5 dərəcə səviyyəsində saxlanılmasını vəd edir.

Son xəbərlər

Orphus sistemi