Yuxarı

Bakıda beynəlxalq neft-qaz sərgisi başlayıb

Azərbaycanda keçirilən Caspian Oil and Gas neft-qaz sərgisinə bu il 300-dən çox şirkət qatılıb

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakıda XXII Azərbaycan Beynəlxalq "Xəzər Neft və Qaz-2015" (“Caspian Oil and Gas-2015”) Sərgisi işə başlayıb.

"Report"un verdiyi xəbərə görə, bu sərgi 20 ildən çoxdur ki, Xəzər regionunun əsas neft-qaz layihələrini və enerji təhlükəsizliyinin təminatını müzakirə etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir.

“Caspian Oil and Gas” sərgisində bu il 300-dən çox şirkət iştirak edir. "Baku Expo Center"in üç pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və s. bölmələrdən ibarətdir.

Bildirək ki, ilk dəfə olaraq sərgi çərçivəsində BP şirkətinin sponsorluğu ilə “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda bədii ekspozisiyanın nümayişi təşkil olunub. Nobel qardaşlarına məxsus olan neft şirkətinin Azərbaycandakı fəaliyyətinin 135 illiyinə həsr edilmiş bu rəsm kolleksiyası Azərbaycan Milli İncəsənət Muzeyinin təklifi və “Caspian Oil and Gas” sərgisinin təşkilatçısı olan “Iteca Caspian” şirkətinin təşəbbüsü ilə yaradılıb.

İşgüzar proqramın mühüm tərkib hissələrindən biri də “Caspian Oil and Gas” beynəlxalq konfransıdır. Bu il konfrans iyunun 3-4-də təşkil olunacaq. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500 nəfərdən çox nümayəndə iştirak edəcək. Builki konfransda dövlət strukturlarını təmsil edən 50-dən çox nümayəndənin, eləcə də müxtəlif dünya ölkələrindən aparıcı neft-qaz ekspertlərinin və iri neft-qaz şirkətlərini təmsil edən rəhbərlərin çıxışı gözlənilir.

Sərgi və konfransın təşkilatçıları qismində isə “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər.

Bundan başqa, bu sərgi ilə yanaşı bu gün Mərkəzdə Xəzər regionunun enerji sənayesinin nailiyyətləri üzrə yeganə ixtisaslaşmış tədbir – V Yubiley Xəzər beynəlxalq energetika və alternativ enerji (“Caspian Power-2015”) sərgisi təşkil olunub.

İştirakçıların coğrafiyası Azərbaycan, Belarus, Rumıniya, Türkiyə və digər ölkələri əhatə edir. Sərginin iştirakçıları arasında energetika texnologiyaları üzrə aparıcı təchizat şirkətləri – “Alce Elektrik”, “Ardich elektrik”, “Electroalfa”, “Germen Electronic”, “Goknur”, “Nobel Electric”, “Schneider Electric”, “STP”, “Vitta”, Kozlov adına Minsk Elektrotexnika Zavodu və digər müəssisələr yer alır. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də iştirak edir.

Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin texniki və kommersiya uçotu üzrə avtomatlaşdırılmış sistemlər, işıq diodlar, günəş batareyası panelləri, işıq diodlu (LED) indikatorlar, işıqlandırma qurğuları, müxtəlif kabel məhsulları, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir işıqlandırma sistemləri, transformatorlar, izolyatorlar, elektrik açarları və digər məhsullar təqdim olunacaq.

Beləliklə, “Caspian Power-2015” sərgisi elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, elektroenergetika üzrə ən son texnoloji nailiyyətlər və inkişaf strategiyası ilə tanış olmaq, eləcə də yeni səmərəli və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaq və bu əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradır.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Qeyd edək ki, sərgi iyunun 5-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi