Yuxarı

Bakıda beynəlxalq neft-qaz konfransı keçirilir

Böyük Britaniyanın Confidence Capital şirkəti və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Bakıda VIII Xəzər Neft-Qaz, Ticarət-Nəqliyyat Konfransı işə başlayıb. “Report” xəbər verir ki, bu ilki konfransın təşkilatçıları Böyük Britaniyanın "Confidence Capital" şirkəti və Bakı Ali Neft Məktəbidir. İki gün davam edəcək konfransın əsas dəstəkçisi isə Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru vəzifələrini müvəqqəti icra edən prorektor Vaqif Qurbanov açıb. ADNA prorektoru Azərbaycan neft-qaz sənayesinin tarixi haqqında qısa məlumat verib.

Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın məqsədi və keçirilmə səbəbləri haqqında danışıb: “Əgər "Əsrin müqaviləsi" ötən əsrin şah əsəri, müqaviləsi idisə, bir müddət əvvəl imzalanan "Şahdəniz-2" müqaviləsi bu əsrin müqaviləsidir. Bu gün burada bizim tələbələrimiz iştirak edirlər. Bu gün onlar tələbədir, sabah isə mütəxəssis".

Bundan sonra Böyük Britaniyanın "Confidence Capital" şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasilatı, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələrinin dinləniləcəyi deyilir.

Tədbir, həmçinin Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin qurulması üçün əlverişli platforma olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi