​Bakıda beynəlxalq neft-qaz konfransı başlayıb

​Bakıda beynəlxalq neft-qaz konfransı başlayıb Konfransa 30-dan çox ölkədən 400 nəfərə yaxın nümayəndə qatılıb
Energetika
2 İyun , 2016 09:17
​Bakıda beynəlxalq neft-qaz konfransı başlayıb

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakıda Beynəlxalq Xəzər neft-qaz (“Caspian Oil&Gas-2016”) konfransı işə başlayıb. "Report" xəbər verir ki, iki gün davam edəcək konfransa 30-dan çox ölkədən 400 nəfərə yaxın nümayəndə qatılıb.

Bu il konfransda “Xəzər regionunun qaz infrastrukturu: regionda əsas layihələrin cari vəziyyəti və həyata keçirilmə statusu”, "Şahdəniz – 20 illik uğur və gələcəyə baxiş”, “İri neft-qaz layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi”, “Azərbaycanın enerji ehtiyatları bazasının genişləndirilməsi”, “Neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması, “Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi”, “Azərbaycanda neft-kimya və neft emalı sahələrinə dair ümumi məlumat və inkişaf perspektivləri” müzakirə olunacaq.

Bu il ilk dəfə olaraq konfransda neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması mövzusuna da toxunulacaq. Toplantı çərçivəsində mütəxəssislər kadr siyasəti və sosial məsuliyyət, istedad axtarışı sistemlərinin inkişafı, əməkdaşların daha səmərəli fəaliyyətinə kömək edən təlim proqramları və digər texnologiyalar barədə bazar iştirakçılarının öhdəlikləri, eləcə də səmərə qiymətləndirmə sistemlərinin qurulması, kadr ehtiyatının yaradılması və bir sıra digər mövzuları müzakirə edəcəklər. 

İclasın sədri qismində SOCAR-ın iş rejimi, kadrlar və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov çıxış edir. Həmçinin, məruzəçilər arasında BP, SAP və “Petronas” şirkətləri, Bakı Ali Neft Məktəbinin nümayəndələri var.

Qeyd edək ki, konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Tədbirin qızıl sponsorları BP, “General Electrics” və “Snam” şirkətləri, gümüş sponsorlar “Inpex” və “McDermott” şirkətləri, bürünc sponsorları isə “Caspian Geophysical”, “Dentons”, “Nobel Upstream”, “SAP”, “Schlumberger”, “Statoil”, “Total” və “GMA Petroleum” şirkətləridir.

Son xəbərlər

Orphus sistemi