Bakıda beynəlxalq neft konfransı keçirilir

Bakıda beynəlxalq neft konfransı keçirilir Tədbirdə 19 ölkədən mütəxəssis və ekspertlər iştirak edir
Energetika
25 Aprel , 2016 09:38
Bakıda beynəlxalq neft konfransı keçirilir

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi, Bakı Ali Neft Məktəbi (BANM) və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya” 4-günlük beynəlxalq paktiki konfrans başlayıb.

"Report" xəbər verir ki, konfransa 19 ölkədən 70 nəfər mütəxəssis və ekspert, Azərbaycandan 23 nəfəri mütəxəssis və ekspertlər olmaqla, 150-dən artıq iştirakçı qatılıb. 

Bugünkü plenar iclasda dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, millət vəkilləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edirlər.

Konfrans işini 9 sessiyada müxtəlif mövzular üzrə davam etdirəcək. “Azərbaycanın neft və kimya sənaye sahələrinin inkişafının müasir tendensiyaları”, “Neft-qaz bazarının və Mərkəzi Asiya və Xəzəryanı bazarın makroiqtisadi icmalı”, “Enerji daşıyıcıları ilə təminat üçün logistika koridorlarının vəziyyəti və inkişaf perspektivlərinin qiymətləndirilməsi”, “Regionun qaz bazarı”, “Xəzəryanı regionu ölkələrinin neft-qaz sahələrinin icmalı: hasilat, neft emalı, istehlak, idxal, ixrac”, “Regionda neft və neft məhsulları ticarətinin praktiki aspektləri”, “Azərbaycanın neft emalı və neft-kimya sənayesinin inkişafı”, “Xəzər regionu və Mərkəzi Asiya ölkələrinin neft emalı və neft-kimya sahələrinin inkişafı”, “Ən yeni texnologiyalar və istehsalın səmərəsinin artırılması” mövzuları üzrə sessiyalarda müxtəlif məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Konfrans çərçivəsində xarici mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil ediləcək.

Konfransın açışılında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın keçirilməsində məqsədin neft staretgiyasını uğurla təbliğ etmək, konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndləri arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etmək olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi