İlk xəbər saat 09:54-də verilib
Bakı. 29 avqust. REPORT.AZ/ Bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı işə başlayıb. “Report” xəbər verir ki, konfransda əsas diqqət Xəzər regionunda enerji iqtisadiyyatı ilə bağlı məsələlərə yetiriləcək.
Konfransda “Neft qiymətlərinin azalması fonunda Xəzər regionunun Avropanın və qlobal bazarların əsas enerji təchizatçısı olmaq imkanı varmı?”, “Neft və qazın qiymət dinamikası və gözləntilər nədir?”, “Regionda aşağı enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələri üçün perspektivlər hansılardır?”, “Regional enerji təhlükəsizliyinə necə əmin olmaq mümkündür?” və başqa suallara aydınlıq gətiriləcək.
Konfransda 24 ölkədən nümayəndələr iştirak edirlər.
Qeyd edək ki, “Report” İnformasiya Agentliyi Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransının rəsmi media sponsorlarından biridir.
***
Tədbirin açılış mərasimində çıxış edən IAEE-nin prezidenti Gürkan Kumbaroğlu təmsil etdiyi qurumun fəaliyyətindən, ayrı-ayrı regionlarda keçirdiyi konfranslardan danışıb və bu gün Bakıda işə başlayan I Avrasiya konfransının əhəmiyyətini qeyd edib. O, enerji bazarındakı vəziyyət, enerji tələbatı, mövcud və perspektiv nəql marşrutları barədə danışıb. G.Kumbaroğlu, həmçinin Azərbaycan qazını Türkiyə və buradan Avropaya nəql edəcək Trans-Anadolu Boru Kəmərindən (TANAP) danışaraq bu layihənin əhəmiyyətini vurğulayıb.








