Bakıda beynəlxalq enerji konfransı keçiriləcək

Bakıda beynəlxalq enerji konfransı keçiriləcək “Report” İnformasiya Agentliyi bu konfransın rəsmi media sponsorlarından biridir
Energetika
25 Avqust , 2016 17:41
Bakıda beynəlxalq enerji konfransı keçiriləcək

Bakı. 25 avqust. REPORT.AZ/ Avqustun 28-31-də Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı keçiriləcək. “Report” xəbər verir ki, konfransda əsas diqqət Xəzər regionunda enerji iqtisadiyyatı ilə bağlı məsələlərə yetiriləcək.

"Son 10 ildə yüksək enerji qiymətlərinin təsiri nəticəsində Xəzər regionunun neft və qaz hasil edən ölkələri sürətli iqtisadi inkişaf təcrübəsinə malik olsalar da, bu gün aşağı neft qiymətlərindən əziyyət çəkirlər", - deyə təşkilatçı şirkətdən bildirilib.

Konfransda “Neft qiymətlərinin azalması fonunda Xəzər regionunun Avropanın və qlobal bazarların əsas enerji təchizatçısı olmaq imkanı varmı?”, “Neft və qazın qiymət dinamikası və gözləntilər nədir?”, “Regionda aşağı enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələri üçün perspektivlər hansılardır?”, “Regional enerji təhlükəsizliyinə necə əmin olmaq mümkündür?” və başqa suallara aydınlıq gətiriləcək.

Bakıda keçiriləcək bu konfransda ümumilikdə 24 ölkədən 56 spiker qatılacaq.

Qeyd edək ki, “Report” İnformasiya Agentliyi Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransının rəsmi media sponsorlarından biridir.

Son xəbərlər

Orphus sistemi