Yuxarı

Bakı-Tbilisi-Ərzurum kəməri ilə təbii qaz nəqli 11% artıb

Bu kəmərlə 4,72 mlrd. kubmetr mavi yanacaq ötürülüb

Bakı.19 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 13 606,3 mln. kubmetr qaz nəql edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% azdır. 

Mavi yanacaq nəqlinin 34,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 4 718,3 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 10,5% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi