Yuxarı

Bakı neft emalı zavodunun yenidən qurulması ilə bağlı iclas keçirilib

SOCAR prezidenti: Zavodun texnoloji layihələndirmə paketlərinin hazırlanma işləri yekunlaşmaq üzrədir

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Heydər Əliyev adına Neft Emalı Zavodunda olub, müəssisənin yenidənqurma və modernizasiya layihəsi üzrə qərargahın növbəti iclasında iştirak etdib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, modernizasiya və yenidənqurma işlərinin vahid mərkəzdən idarə edilməsi üçün yeni tikilmiş ofisin binalarına baxış keçirən SOCAR prezidentinə məruzə edilib ki, obyekt zavod və layihənin idarəedilməsi üzrə podratçı qismində cəlb edilmiş “SOCAR-KBR” mütəxəssislərindən ibarət nümayəndələrin, İlkin Detallı Layihələndirmə (FEED) işləri üzrə podratçısı qismində layihəyə cəlb edilmiş "Amec-Foster Willer" və "SOCAR-FW" Mühəndis Xidmətləri Alyansının təmsilçilərinin və digər mütəxəssislərin birgə fəaliyyəti üçün nəzərdə tutulub. 

Daha sonra yeni ofisdə R.Abdullayevin rəhbərliyi ilə H.Əliyev adına Neft Emalı Zavodu və “Azərikimya” İB-nin modernizasiya və yenidənqurma tədbirləri ilə əlaqədar fəaliyyət göstərən qərargahın iclası keçirilib. SOCAR prezidenti NEZ-də həyata keçirilən yenidənqurma işlərinin əhəmiyyətini yüksək qiymətləndirib, layihə çərçivəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşasının həyata keçiriləcəyini və bunun da nəticəsində zavodda “Euro-5” standartına cavab verən daha keyfiyyətli neft məhsulları istehsal olunacağını bildirib. 

R.Abdullayev mərhələli olaraq 2019-2020-ci illərə qədər davam etdiriləcək yenidənqurma və tikinti işləri çərçivəsində artıq bir neçə müqavilənin imzalandığını, həmçinin texnoloji layihələndirmə paketlərinin hazırlanma işlərinin yekunlaşmaq üzrə olduğunu söyləyib. İclasda layihələr üzrə görülmüş işlər barədə hesabat dinlənilib, növbəti aylarda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb. SOCAR prezidenti işlərin sürətləndirilməsi ilə əlaqədar aidiyyəti struktur bölmələrinə və rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi