Yuxarı

Bakı neft emalı zavodunda yenidənqurma layihəsi çərçivəsində növbəti müqavilə imzalanıb

Amec-Foster Wheeler/SOCAR-Foster Wheeler alyansı ilə FEED müqaviləsi imzalanıb

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zavod ilə "Amec-Foster Wheeler/SOCAR-Foster Wheeler" alyansı arasında İlkin Detallı Layihələndirmə (FEED) işlərinin icrası ilə əlaqədar FEED müqaviləsinin imzalanma mərasimi keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, "Amec-FW" şirkətinin Cənubi Avropa üzrə prezidenti, SOCAR-FW Mühəndislik Xidmətləri Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Marco Moresco, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər. 

SOCAR-ın prezidenti R.Abdullayev qonaqları salamlayaraq, H.Əliyev adına NEZ-də həyata keçiriləcək yenidənqurma işlərinin əhəmiyyətindən danışıb, layihələndirmə və tikinti işlərinin mərhələli olaraq 2019-2020-ci illərdə həyata keçiriləcəyini qeyd edib. SOCAR prezidenti yenidənqurma mərhələsinə daxil olan qurğular üzrə lisenziar şirkətlərlə müqavilələrin imzalandığını və texnoloji layihələndirmə paketlərinin hazırlanma işlərinin artıq yekunlaşmaq üzrə olduğunu söyləyib. "Amec-FW" şirkətinin Cənubi Avropa üzrə prezidenti Marco Moresco layihənin növbəti mərhələsi olan İlkin Detallı Layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə rekonstruksiya layihələrində böyük təcrübəyə malik "Amec-FW" və Socar-FW Mühəndis Xidmətləri Alyansının FEED podratçı qismində işlərə cəlb edilməsindən məmnunluğunu ifadə edib. Daha sonra sənədin imzalanma mərasimi keçirilib. Müqaviləni H.Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov, "Amec-FW" şirkətinin kommersiya əməliyyatları üzrə direktoru Enzo Gioviale və SOCAR-FW Mühəndislik Xidmətləri Birgə Müəssisəsinin baş direktoru Elməddin Dadaşov imzalayıblar. 

Qeyd edək ki, "Amec-FW" artıq SOCAR-ın "Star" layihəsində əvvəlcə FEED podratçı qismində, hazırda isə PMC qismində işlərə cəlb edilib. Eyni zamanda, "Amec-FW" SOCAR ilə yaradılan birgə müəssisəsi vasitəsilə NQENKK layihəsində bir sıra mühəndislik işləri həyata keçirib, H.Əliyev adına NEZ-də isə ilkin mühəndislik işlərini həyata keçirib. Birgə müəssisənin yaradılmasında əsas məqsəd yüksək ixtisaslı yerli kadrların hazırlanmasıdır. Birgə müəssisənin Azərbaycanda cəlb olunduğu bütün layihələrdə yerli kadrlar üçün "Amec-FW" şirkətinin Milan ofisində təlimlər təşkil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi