Bakı neft emalı zavodunda emal qurğusunun yenidən qurulmasının ilkin mərhələsi başa çatır

Bakı neft emalı zavodunda emal qurğusunun yenidən qurulmasının ilkin mərhələsi başa çatır Bundan sonra layihənin növbəti - FEED mərhələsinə keçiləcək
Energetika
25 Noyabr , 2015 16:01
Bakı neft emalı zavodunda emal qurğusunun yenidən qurulmasının ilkin mərhələsi başa çatır

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu ilə “SOCAR Foster Viler Mühəndis Xidmətləri” MMC arasında imzalanmış müqaviləyə əsasən, zavodun neftin ilkin emalı qurğusunun xam neftə görə məhsuldarlığının illik 6 mln. tondan 7,5 mln. tonadək artırılması məqsədilə həyata keçirilən PreFEED mərhələsi başa çatmaq üzrədir.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, yenidənqurma işlərini nəzərdə tutan bu mərhələ əsas ofisi Milanda (İtaliya) yerləşən AFV ("Amec Foster Viler") və Bakıda fəaliyyət göstərən SFV şirkətləri tərəfindən icra olunur.

Qeyd edək ki, rekonstruksiya işlərinə başlamaq üçün cari ilin iyun ayında Bakıda keçirilmiş ilkin əlaqələndirmə iclası zamanı texniki-texnoloji məsələlərə aydınlıq gətirilib, qurğu üzrə mövcud texniki mühəndislik sənədləri icraçı tərəfə təqdim olunub. Aparılmış layihələndirmə tədqiqat işləri nəticəsində podratçı tərəfindən ilkin emal qurğusunun yeni texnoloji konfiqurasiyası müəyyənləşib və texniki məlumatlar “Aspentech Hysys v.7.3”, “Promax 3.2” mühəndislik proqramları və digər müasir proqramlar vasitəsilə işlənərək simulyasiya olunub. Qarşıya qoyulan prioritet məsələlər istiqamətində işlərə start verilib, NEZ tərəfindən texniki tapşırıq əsasında bir sıra mühəndislik parametrləri üzrə tələblər irəli sürülüb. İlkin emal qurğusunun rekonstruksiyası üzrə layihənin uğurlu icrası üçün layihə üzrə PMC şirkət olan (layihənin idarəedici podratçısı) “Fluor” ilə birlikdə bütün texniki imkanlardan istifadə olunub.

Yaxın zamanda PreFEED mərhələsinin tamamlanması nəzərdə tutulur. Bundan sonra layihənin növbəti - FEED (ilkin detallı layihələndirmə) mərhələsinə keçiləcək.

Son xəbərlər

Orphus sistemi